Sosial həyat

"Nəsillərin görüşü"

Yanvar 25-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında "Nəsillərin görüşü" silsiləsindən gənclərin və veteranların iştirakı ilə növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək

 və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib:

"Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından olduqca faydalıdır. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, soykökünə, milli-mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsində qazanılan qələbə bunu bir daha sübut edir".

Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, ulu öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: "Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını vacib sayıb. Bu baxımdan, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bu günümüz deyil, gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir".

"Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Xalq yazıçısı Elmira Axundova isə qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldığını, bütün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib: "Biz 44 günlük müharibədəki zəfərimizə görə qəhrəman şəhidlərimizə və qazilərimizə, bir yumruq kimi birləşən xalqımıza borcluyuq.  Azərbaycan xalqı yenilməzdir, öz ərazi bütövlüyünü, suverenliyini qorumağa qadirdir".

Tədbirin sonunda bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri fərmanlar və üzvlük vəsiqələri təqdim olunub.

"Respublika".