Növbəti erməni şousunun
Siyasət

Növbəti erməni şousunun "dünya səhnəsi"ndə yeri yoxdur

Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada qazandığı uğurlar, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi, Azərbaycan liderinin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistanda qıcıq yaradır.

Bu səbəbdən də, onlar istər siyasi, istərsə də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmağa, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Amma bütün bu cəhdlər əks-effekt yaradır. Ölkəmizin uğurla həyata keçirdiyi hücum diplomatiyası sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha da pisləşir.

Dünya bir daha dolğun fakt və sübutlar əsasında Ermənistanın işğalı, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi kimi müəyyənləşdirən bir ölkə olduğunu aydın görür. Onların yalançı manevrləri də dünyanı aldatmağa xidmət edir. Bu millətin törətdiklərinə göz yuman dünya indi Hayastanın şoular ölkəsi olduğuna da əmin olacaq...

Belə bir məsəl var: "Suda boğulan saman çöpündən də yapışır". Bütün manevrləri sınaqdan keçirən Ermənistan indi şouya üstünlük verir. Kimisi guya aclıq edir, kimisi "humanitar blokada" deyib saçını yolur, kimisi də Qarabağın erməni sakinlərinin acından öldüyünü deyib şivən qoparır. Bütün bunları isə Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin açılması ilə əlaqələndirirlər. Bəli, ermənilərin çoxhissəli tamaşasının "Laçın şousu" davam edir...

Bu tamaşanın sonunun xeyirlərinə bitəcəyini düşünürlər. Əslində, onlar bu oyuna çoxdan başlayıblar. Belə ki, ötən il avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra, sentyabrın 2-dən başlayaraq Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəşi getdikcə gücləndirib, nəhayət sentyabrın 12-də geniş hərbi təxribatlara başladılar. Azərbaycan tərəfi adekvat əməliyyat keçirməyə məcbur oldu. Bu hadisələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar iclas keçirildi və iclasda Ermənistanın BMT-dəki daimi nümayəndəliyi guya Azərbaycanın Naxçıvan tərəfdən Ermənistana "yeni zərbə hazırlamaq" istədiyi barədə yalan məlumat yaydı.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi isə TŞ-nin iclasındakı çıxışında iki ölkə arasında şərti dövlət sərhədi boyunca hərbi eskalasiyanın Ermənistanın təhriki ilə başlandığını və bunun yeganə insident olmadığını bildirdi, beynəlxalq birliyi bu prosesə obyektiv münasibət bildirməyə, onsuz da delikat olan vəziyyəti daha da mürəkkəbləşdirən hərəkətlərdən çəkinməyə çağırış etdi.

Bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransının toplantısında isə Prezident İlham Əliyev Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulmasına zərurətin yarandığını bildirdi. Aprelin 23-də Azərbaycan öz suveren hüquqlarından istifadə edərək qanuni torpağında nəzarət-buraxılış məntəqəsi qurdu. Ermənistan isə bunu gözləmirdi, çünki məsələnin həlli ilə bağlı Azərbaycan tərəfinə çox etirazlar edilmiş, lakin dövlət başçısının siyasi iradəsi sayəsində daha bir istəyimiz təmin olunmuşdu. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradılmışdı. Təəssüf ki, iyunun 15-də Ermənistan tərəfindən silahlı təxribat baş verdi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq halları aşkar edildi. Laçın sərhəd-gömrük-buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, belə bir halın baş verməsi isə qəbuledilməzdir.

İyulun 29-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında da bu məsələ ilə bağlı söhbət olub. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Dövlətimizin başçısı Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd göstərdiyini, icazəsiz yük avtomobillərini Azərbaycana göndərməsini qeyd edib. Dövlət başçısı, həmçinin deyib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin "humanitar vəziyyət" və "blokada" ilə bağlı iddiaları siyasi manipulyasiyadır.

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistan 19 avtomobildən ibarət karvanı yığmaqla məntəqənin açılmasını tələb edir. Maraqlıdır, əgər söhbət Qarabağın erməni sakinlərinə humanitar yardımdan gedirsə, onda həmin yükün hansı yoldan keçəcəyinin bir anlamı varmı? Axı, Azərbaycan tərəfi yük karvanının mənzilbaşına təhlükəsiz şəkildə çatdırılması üçün alternativ yollar təklif edir. Ağdam-Xankəndi yolunu bloklayan ermənilər bu dəfə də ənənələrinə sadiq qaldılar.

Ümumiyyətlə, onlar hər şeyə "yox" deməyə adətkərdədilər. Əslində, yolun heç bir fərqi yoxdur. Ermənilər də bunu yaxşı bilir. Belə bir məsəl var: "Ayının min oyunu bir armudun başındadır". İndi Ermənistanın da oyunları, şouları Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin ətrafında baş verir. Bu yolu bağlatdırmaq isə ona nəsib olmayacaq. Çünki növbəti erməni şousu münsiflərin lazımi qiymətini ala bilmədi, elə bu səbəbdən də o, "dünya səhnəsi"nə çıxa bilməyəcək. Çünki artıq oraya da yol yoxdur. Odur ki, məzhəkəçilər elə bizim təklif etdiyimiz "yola gəlsə" yaxşıdır...

Zümrüd QURBANQIZI,

"Respublika".