Ölkəmiz adekvat siyasi münasibət ortaya qoyacaq
Siyasət

Ölkəmiz adekvat siyasi münasibət ortaya qoyacaq

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini həzm edə bilməyən qüvvələrin sayı günü-gündən artır. Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi bu qurumun ölkəmizə qarşı riyakar, anti-Azərbaycan siyasətininin növbəti təzahürüdür.

Bütün dünyanı heyrətləndirən zəfərimizi qəbul etməyən və erməni lobbisinin əlaltısına çevrilmiş Qərb bu dəfə də Azərbaycan xalqını təəccübləndirmədi. Yenə də eyni teatr tamaşası, eyni ssenari, sadəcə bu dəfə baş rolda Fransa yox, Almaniya idi. Təəssüflər olsun ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim ölkəmizə qarşı vasitə kimi istifadə edib. AŞPA-nın ortaya qoyduğu mövqedən aydın görünür ki, Avropa Şurası nizamnaməsinin preambulasında qeyd olunan dəyərləri çoxdan unudub, ya da bu başqa dövlətlərə təzyiq vasitəsi kimi nəzərdə tutulan söz yığınından başqa bir şey deyil. Preambulada qeyd olunur: "ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq". AŞPA-nın tutduğu mövqe onu deməyə əsas verir ki, nizamnamədə qeyd olunan anlayışların onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, Ermənistanın yaranmış yeni reallığı qəbul etməyə başladığı bir vaxtda Fransa, Almaniya və onların əlində oyuncağa çevrilmiş Avropa Şurası ölkəmizə qarşı bu cür addım atmazdı. Qeyd etmək lazımdır ki, AŞPA-nın destruktiv mövqeyi və ermənidən daha çox ermənilik etməsi Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə ciddi zərbədir.

Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərlə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına görə heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. Yanvar ayının 22-də keçirilən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması tamamilə qərəzli və riyakar bir addımdır. AŞPA-nın bu qərəzli addımına görə əsaslandırdığı uydurma səbəblər isə tamamilə absurddur. Almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsalar da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı uğursuz qisas cəhdidir. Azərbaycanın 30 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təsisatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Düşünürlər ki, rəsmi Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır.

Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və buna davam edir. Avropa Şurası bu cür qərəzli mövqe ortaya qoymaqla Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanı qarşısına aldığını açıqca nümayiş etdirmiş oldu.

Ölkəmizə müxtəlif vasitələrlə, uydurma iddialarla təzyiqlər etməyə çalışan bir quruma üzvlük Azərbaycan üçün nə qədər vacibdir? Xüsusilə dünyada bu qədər mürəkkəb proseslərin, siyasi-iqtisadi katakilizmlərin baş verdiyi bir dövrdə, məqsədli şəkildə keçmiş münaqişəni yenidən alovlandırmağa, Cənubi Qafqazda konflikt yaratmağa çalışan bir təsisat Azərbaycanın nəyinə lazımdır?

Avropa Şurası bilməlidir ki, Azərbaycan adekvat siyasi münasibət ortaya qoyacaq.           

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.