Ölkəmiz QH-yə üzv dövlətlərin maraqlarını qətiyyətlə qoruyur
Digər xəbərlər

Ölkəmiz QH-yə üzv dövlətlərin maraqlarını qətiyyətlə qoruyur

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forumdur. Həmçinin BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı da hesab olunur. Hərəkatın başlıca məramı dünyanın iki güclü qütbündən birinə, SSRİ-ABŞ-a tərəfkeşlik etməməklə öz tərəfsizliyini qoruyub saxlamaq olub.

Bununla yanaşı, hərəkata üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı yaranıb.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qəbul olunub. Və elə həmin il bu qurumun və onun üzvlərinin dəstəyini alıb. Təşkilatda qısa müddət ərzində olduqca böyük nüfuz və etimad qazanan ölkəmiz 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün sədrliyə seçilib.

Hərəkatın bir çox önəmli görüşlərinin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Sözsüz ki, sədrliyin ölkəmizə həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Hərəkatın Azərbaycan üçün əsas amillərindən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə üst-üstə düşməsidir.

Ölkəmiz bu günə qədər bir çox məsələlərdə Hərəkata yön verib, yeni təkliflər irəli sürüb. Ötən illərdə Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüs, həmçinin Gənclər Sammiti və postpandemiyaya həsr olunan sammitin keçirilməsini qeyd etmək olar.

Deputat Kamran Bayramov bildirib ki, Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqət doğurur: "Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur.

Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir və bunu nəinki sözdə, əməldə də təsdiqləyir. Azərbaycan-Qoşulmama Hərəkatı, həmçinin təşkilata üzv dövlətlər arasında münasibətlərin hazırkı inkişaf səviyyəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir.

K.Bayramov qeyd edib ki, Azərbaycan Hərəkata qoşulduğu vaxtdan indiyədək beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanıb. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında dialoqun genişləndirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb. Dövlət başçımız bildirib ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Töhfə SƏMƏDOVA,

"Respublika".