Ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması vacib məsələdir
Digər xəbərlər

Ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması vacib məsələdir

Bu günlərdə Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan PROSOL Şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn "PRO-ACADEMY" təlim-tədris mərkəzinin rəsmi açılış mərasimi keçirildi.

"PRO-ACADEMY"nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır.

PROSOL Şirkəti və ADNSU tərəfindən yaradılan akademik mərkəz öz tələbələrinə kiberhücum, kibermüdafiə, kiber araşdırma və qiymətləndirmə, kiber siyasətlər, qaydalar və prosedurlar və sair kimi aktual istiqamətlərdə təhsil verəcəkdir.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək kibertəhlükəsizliyin ölkəmizdə böyük əhəmiyyət kəsb etdiyini və akademiyanın əsas məqsədinin Azərbaycanın gələcəyinə xidmət edəcək yüksəkixtisaslı kibermütəxəssislərin hazırlanması olduğunu qeyd etdi. Daha sonra "PRO-ACADEMY" Şirkətinin həmtəsisçisi və rəhbəri Babək Ağayev, İsrail Baş nazirinin keçmiş müavini, keçmiş Müdafiə naziri Moşe Ya'alon, İsrailin "See Security" kiber akademiyasının təsisçisi və rəhbəri Avi Vaysman rəqəmsal dövrdə kibertəhlükəsizliyin rolu, bu sahədə Azərbaycan və İsrailin ortaq maraqları barəsində çıxış etdilər.

Mehparə ƏLİYEVA,

"Respublika".