Ölkəmizdə separatizm artıq məhv edilib
Siyasət

Ölkəmizdə separatizm artıq məhv edilib

Sovet İttifaqı parçalandıqdan sonra yaranan müttəfiq respublikaların daxilində ölkə suverenliyini təhdid edən separatizm halları baş qaldırmış və uzun illər davam etmişdi.

Geridə qalan illər onu göstərdi ki, dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhdid mənbəyi olan bu fəaliyyəti sonlandırmaq olduqca çətin prosesdir. Xüsusilə də belə mərkəzdənqaçma qüvvələrin xarici havadarları varsa, bu mexanizm uzun illər həmin ölkə üçün sağalmaz yaraya çevrilir.

Postsovet məkanının bir çox bölgələrində - Ukrayna, Moldova, Gürcüstan kimi dövlətlərin daxilində qondarma rejimlərin mövcudluğu hələ də davam etməkdədir. Zaman-zaman həmin ölkələrin qısa və uzunmüddətli müharibələrə cəlb olunmasından da aydın olur ki, bir respublikanın öz suverenliyini bütün ərazi üzrə bərpa edə bilməməsi, həmin dövləti miqyası geniş hal ala biləcək müharibələrə sürükləyə bilər. Elə Azərbaycan da yeni dünya nizamının formalaşdığı illərdə özü istəməsə belə müharibə iştirakçısına çevrilmişdi.

1991-ci ildən 1994-cü ilə qədər davam edən Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb Qarabağda yaşayan ermənilərin Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmamaq istəyi və əzəli Azərbaycan torpağının Ermənistana birləşdirilməsinə cəhd idi. "Miatsum" hərəkatı ilə başlayan münaqişə çox keçmədən qonşu Ermənistanın hərbi təcavüzü ilə davam etdi. Birinci Qarabağ müharibəsinin gedişatı radikal ermənilərin tək dərdinin "böyük Ermənistan" olmadığını göstərirdi. Ermənilərin daxilindəki türk-müsəlman nifrəti o qədər cığırından çıxmışdı ki, artıq onlar üçün qarşılarındakının hərbçi və mülki şəxs olmasının heç bir fərqi yox idi. 90-cı illərin əvvəlində Azərbaycan daxilində hökm sürən ictimai-siyasi proseslər hakimiyyətin diqqətinin bu istiqamətə yönəldilməsini zəiflədirdi və nəticə etibarilə Qarabağın dağlıq hissəsi, ətraf yeddi rayon düşmən nəzarətinə keçmişdi.

Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan 30 il ərzində hər nə qədər çalışsa da, Qarabağın dağlıq hissəsini öz ərazisinə birləşdirə bilmədi. Bunun da tək səbəbi həmin ərazilərin beynəlxalq miqyasda Azərbaycanın tərkib hissəsi kimi tanınması olmuşdur. Hələ Birinci Qarabağ müharibəsinin baş verdiyi illərdə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edərək işğalçı ölkənin qoşunlarının geri çəkilməsini tələb etmişdi. Ermənistanın hərbi təcavüzü ilə beynəlxalq müstəviyə çıxan keçmiş Dağlıq Qarabağ məsələsi BMT, ATƏT, İslam Konfransı Təşkilatı, MDB, NATO, Avropa Şurası və s. kimi təşkilatlarda müzakirə predmetinə çevrilmiş və bununla bağlı sənədlər qəbul edilmişdir. Xüsusilə ATƏT-in Lissabon sammitində Heydər Əliyevin qətiyyəti sayəsində Ermənistanın Qarabağ iddialarının üzərindən birdəfəlik xətt çəkildi. Məhz bu sammitdə bura üzv ölkələr (Ermənistan istisna olmaqla) yekdilliklə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq etdilər və bildirdilər ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Qəbul olunan qərar Qarabağda qurulan separatizmin müstəqil fəaliyyətinə heç bir şans buraxmırdı.

1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət doktrinası, Ermənistan diplomatiyasının iflası ilə nəticələnmiş, bugünkü Qarabağ Zəfərinin əldə olunmasına geniş şərait yaratmışdır. 2003-cü ildən Prezident seçilən İlham Əliyev danışıqlar prosesində bu siyasi xəttə sadiq qalmış və işğal olunmuş ərazilərin qeyd-şərtsiz Azərbaycan nəzarətinə keçmə prinsipinin reallaşdırılması üçün böyük əmək sərf etmişdir. 30 il ərzində siyasi arenada qazanılan uğurlar imkan verirdi ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qaytarsın. Bu məqsədlə BMT nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq İkinci Qarabağ müharibəsində 30 illik status-kvo darmadağın edildi. 2020-ci ildə imzalanan 10 noyabr üçtərəfli Bəyanatında göstərilən şərtlərə əməl etməyən Ermənistan bundan sonra da "Dağlıq Qarabağ respublikası"nın mövcudluğuna ciddi səylə çalışsa da, nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirlərində ağ bayraq qaldıran qondarma rejim bütün fəaliyyət imkanlarını dayandırmağa məcbur oldu.

Beləliklə, postsovet məkanında separatizmin ilk ünvanlarından biri Qarabağ olsa da, onu zərərsizləşdirən, məhvə məhkum edən birinci ölkə də Azərbaycan oldu. Dövlətimiz bu mübarizədə böyük səbir, yüksək humanizm nümayiş etdirərək həm də dünyaya bir örnək oldu. "Geosiyasi xərçəngin" aradan qaldırılmasında heç bir mülki infrastruktur, sadə vətəndaş zərər görmədi, Qarabağda yaşayan ermənilər silahlı toqquşmaların qurbanına çevrilmədi. Öz xoşları ilə Azərbaycan ərazisindən çıxmaq istəyənlərə hər cür şərait yaradıldı. Ermənistan və Fransa kimi dövlətlər hər nə qədər ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışsa da, antiterror tədbirlərindən sonra Xankəndiyə gedən BMT missiyası şəhərdə baş çəkdiyi yerlərdə mülki infrastruktura ziyan dəydiyini müşahidə etmədiyini açıqladı. Azərbaycan hərbçiləri yalnız terrorçuları cəzalandırdı və bir daha Ermənistana göstərildi ki, dövlətimiz onların istənilən təxribatına layiqli cavab verməyə qadirdir. Azərbaycan əsgəri və zabiti bu mübarizədə həm yüksək peşəkarlıq göstərdi. Aparılan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə bütün ərazilərdə suverenliyini bərpa edən Azərbaycan bölgəmizdə yeni vəziyyətin yaranmasına zəmin yaradıb. Kriminal xunta rejimi təslim olandan sonra gərginlik mənbəyinə çevrilən Cənubi Qafqazda vəziyyət nisbətən səngiyib, mərkəzi Xankəndi olan zəhər yuvası dağıdılıb. Bundan sonra tək bir məsələ qalır ki, o da Ermənistanın siyasi səriştə göstərərək sülh sazişini imzalamasıdır. Çünki Ermənistan-Azərbaycan münasibətlərinin neçə illərdir gərgin qalmasına səbəb olan Qarabağ problemi öz ədalətli həllini tapıb.

Musa BAĞIRLI,

"Respublika".