Ölkəmizin beynəlxalq səviyyədə fəal və qətiyyətli mövqeyinin təsdiqi
Siyasət

Ölkəmizin beynəlxalq səviyyədə fəal və qətiyyətli mövqeyinin təsdiqi

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının mövqeləri daha da güclənib. Bu gün Latın Amerikasından uzaq Asiyaya qədər Hərəkat dünyada önəmli siyasi qərarların qəbul edilməsi prosesində çox fəal şəkildə iştirak edir. Azərbaycanın sədrliyi dövründə təşkilat COVID-19-un fəsadları, eyni zamanda pandemiyadan doğan ədalətsizliklər, vaksin milliyyətçiliyi və digər bir çox məsələlərə qarşı müqavimət formalaşdırdı.

Bu gün bir çox beynəlxalq tədbirlərin, təşkilatların qlobal mərkəzinə çevrilən paytaxtımızda Qoşulmama Hərəkatının önəmli bir tədbirinin keçirilməsi, bu tədbirə dünyanın müxtəlif coğrafiyalarından nüfuzlu siyasi liderlərin, prezidentlərin, nazirlərin qatılması Azərbaycanın həm Qoşulmama Hərəkatı nəzdində, həm də qlobal siyasi münasibətlər sistemində dəyərini bir daha ortaya qoyur. Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasət 44 günlük müharibədən sonra ölkəmizin geostrateji əhəmiyyətinin qlobal arenada daha da güclənməsi ilə nəticələndi.

Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Prezident İlham Əliyev tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı QH-də panellər keçirildi. Eyni zamanda bu panellərlə yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksin ədalətsizliyi və "peyvənd millətçiliyi"nə qarşı mübarizənin də ön sıralarında yer aldı. Bundan əlavə, BMT Baş Assambleyasında da yenə dövlətimizin başçısının Qoşulmama Hərəkatının Sədri kimi pandemiyaya qarşı qlobal siyasi mübarizə ilə bağlı təklifləri qəbul edildi və BMT-də geniş müzakirə olundu.

Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da koordinasiya olunmasına və güclənməsinə mühüm töhfələr verdi. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı nəzdində məhz Azərbaycanın uğurlu səyləri nəticəsində çox vacib konfranslar, toplantılar həyata keçirildi və önəmli qərarlar verildi. Bütövlükdə ölkəmizin beynəlxalq arenada apardığı siyasət Azərbaycanın dövlət maraqlarının ən yüksək səviyyədə dünyaya bəyan edilməsindən ibarət oldu. Bu da özəlliklə bizim Vətən müharibəsində qazandığımız Qələbədən sonra erməni lobbisinin və xaricdəki havadarlarının ölkəmizə qarşı hücumlarda dövlətimizin beynəlxalq siyasi arenada uğurlu gedişi nəticəsində mövqeyimizi kifayət qədər gücləndirdi. Bu gün Azərbaycan Avrasiya ilə Avropanın kəsişməsində mühüm bufer zona rolunu oynayır. Eyni zamanda ölkəmizin geopolitik əhəmiyyəti nəticəsində Rusiya silahlı qüvvələri Baş qərargah rəisinin və NATO rəsmilərinin neytral ərazi kimi görüşləri Azərbaycanın paytaxtında da həyata keçirilir. Bütövlükdə Azərbaycan beynəlxalq səviyyədə kifayət qədər uğurlu mövqelər əldə edib. Düşünürəm ki, ölkəmizin apardığı balanslı və uğurlu xarici siyasət kursu bundan sonra daha da inkişaf etdiriləcək. Qoşulmama Hərəkatı hazırda önəmli təşkilatlardan biridir. Hərəkata daxil olan dövlətlər dünyada vacib mövqeləri olan ölkələrdir. Azərbaycanın isə belə bir platformaya tarixi töhfələr bəxş etməsinin bizim üçün əhəmiyyəti böyükdür.

Tural İSMAYILOV,

politoloq.