Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdamda erməni vəhşiliyinin şahidi olublar
Digər xəbərlər

Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdamda erməni vəhşiliyinin şahidi olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları oktyabrın 21-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Səfərin məqsədi Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, habelə tarixi-mədəni abidələrin dağıdılması faktları ilə qonaqları yerində tanış etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti səfər zamanı Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb. İşğal dövründə təkcə yaşayış evləri, sosial obyektlər, tarixi abidələr, infrastruktur dağıdılmayıb, eyni zamanda və ən əsası bu yerlərin əhalisinin hüquqları pozulub. 30 ildir ki, işğal olunmuş şəhər və kəndlərin əhalisi öz yurdlarında, evlərində yaşamaq hüququndan məhrum olublar.

Nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, mina qurbanları ilə bağlı, eləcə də Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də məlumatlar verilib.

AZƏRTAC