Orxan  Cabbarov 
Sosial həyat

Orxan  Cabbarov 

Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan xalqının birliyini, mübarizliyini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandan kimi ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın  xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı  qələbəni  bizə yaşadanlardan  biri-Vətən Müharibəsi Qəhrəmanı Orxan Rövşən oğlu Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub. 2002-2008-ci illərdə Rusiya Federasiyasının Vladivostok şəhərində 34 saylı tam orta məktəbdə, 2008-2013-cü illərdə 179 saylı Binəqədi rayon tam orta məktəbində təhsil alıb. Sərbəst güləş və karate ilə məşğul olub.

Orxan 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılır. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edir. Xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılıb, kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verir. 2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edir. Orxan Cabbarov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı Talış istiqamətində döyüşlərin iştirakçısı olur.

Azərbaycan  Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılır. Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin polkovnikini əlbəyaxa döyüş zamanı öldürür. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bozalqanlı kəndində atasının yanında torpağa tapşırılır.        Binəqədi rayonu Biləcəri qəsəbəsində şəhidimizin adına küçə verilmişdir. Şəhidimizin Vətənə əmanət 1 yaşında oğlu Ayxan böyüyür.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilib.

Orxanın şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm  Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Onun ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək və şəhidlərimizin  qisasını düşməndən almaq idi. O, bu amal uğrunda qəhrəmancasına  vuruşaraq  arzusuna  çatdı...

 Qəhrəmanın nənəsi Gülsüm ana deyir ki, oğlum yox idi, 1 yaşından oğul kimi bağrıma basıb böyütmüşdüm nəvəmi. Şəhid balam öz hünəri ilə başımızı uca etdi. Yaralanıb, müalicə almağına baxmayaraq, yenidən cəbhəyə qayıdıb, son nəfəsinə qədər döyüşüb.

Anasının sözlərinə görə, Orxan sonuncu dəfə 2020-ci il  oktyabrın 28-də danışıb. Orxanın qardaşı Ruslan da topçu kimi döyüşlərdə olub.

Orxan yardımsevər, mərd bir oğul idi deyirlər. Yaxınları şəhidimizi cəsur və vətənpərvər biri kimi xatırlayırlar.                                                                   

                                                                       M.MİRZƏ, 

                                                                   “Respublika”.