Paşinyan ölkəsini parçalanmağa doğru aparır
Siyasət

Paşinyan ölkəsini parçalanmağa doğru aparır

Ermənistanda anti-Rusiya dalğası getdikcə güclənir. Təbii ki, bu situasiyanı yaradanların kim olduğu hər kəsə aydındır. Paşinyanın Qərbin tapşırıqlarını yerinə yetirməsi hər gün daha təhlükəli hal alır. Baş nazir göz görə-görə ölkəsini parçalanmağa doğru aparır. Nikol Paşinyan Rusiya ilə münasibətlərin tamamilə qopara bilməyəcəyini yaxşı anlayır. Ermənistan iqtisadi cəhətdən Moskvadan asılıdır. Buna görə bir müddət Rusiya ilə münasibətləri normal saxlamağa çalışsa da yenə də Qərb təbliğatı öz sözünü deyir. Bu gün Ermənistanda yenidən demarş havası hiss olunur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” agentliyinə açıqlamasında bildirib ki, təmaslar zamanı Moskva Ermənistana risklər barədə xəbərdarlıq etmək üçün Qərb dövlətlərinin İrəvanı anti-Rusiya kursuna cəlb edilməsini müzakirə edir, bəzi arqumentlər artıq onlar tərəfindən qəbul edilib: “Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla, o cümlədən çox məxfi şəkildə, yalnız bir məqsədlə danışırıq – xəbərdarlıq etmək”, – deyə Zaxarova vurğulayıb. O deyib ki, biz çox yaxşı başa düşürük ki, dövlətlər və bütövlükdə kollektiv Qərb onilliklər, əsrlər boyu ölkələrə və xalqlara alət kimi yanaşmaq üçün taktikalardan istifadə edir. Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və kollektiv Qərbin bu taktikanı konkret olaraq postsovet məkanına tətbiq etməyəcəyini düşünmək olardı.

Zaxarovanın sözlərindən belə çıxır ki, Moskva səmimiyyətlə Ermənistanın suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət yürütməsini istəyir. Ermənistanda siyasi çaxnaşmalar, mitinq çağırışları davam edərkən Köçəryan-Sarkisyan qruplaşmasının ritorikası, onların Rusiyaya arxalanması, müxalif mövqeləri gücləndirir. Yəni İrəvanda vəziyyət olduqca mürəkkəbdir. Həmçinin, Rusiya prezidenti V.Putin seçkilərdə qalib gəlib. Bu da Kremlin Ermənistana qarşı mövcud siyasətini qoruması deməkdir. Moskva hər nə qədər ermənilərlə tarixi əlaqələrə sahib olsa da, hazırkı situasiyada onlara dəstək göstərmir. Hətta Paşinyanın Rusiya əleyhinə açıqlamalarına sərt cavab verir.

Baş nazir Nikol Paşinyan da öz növbəsində, anti-Rusiya açıqlamalarını davam etdirir. Belə ki, onun İtaliya mediasına verdiyi son müsahibəsi Kreml tərəfindən sərt qarşılanıb. “Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamalarının tonu qəbuledilməzdir. Moskva bu bəyanatlardan olduqca narazıdır”. Bunu “TASS” agentliyinə Rusiya XİN-dəki diplomatik mənbə bildirib. Qeyd edək ki, müsahibədə Paşinyan Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü bəyan edib.

Lakin Nikol Paşinyan siyasətini Qərbdən aldığı təlimatlara uyğun davam etdirir, Rusiya prezidentini tənqid etməkdən çəkinmir. Qərb isə öz növbəsində, Rusiya ilə Ermənistan əlaqələrini tamamilə qoparmaq yolunda qərarlıdır. Belə ki, onlar İrəvanı NATO-ya, Avropa Birliyinə üzvlüklə şirnikləndirir. Paşinyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) uzaqlaşmağa başlayıb.

Görünür, Paşinyan Rusiyanın sərt cavablarını Qərbin dəstəyi ilə yumşalda biləcəyini düşünür. Əslində isə öz xalqını məhvə, ölkəsini isə parçalanmağa doğru aparır. Ermənistanın KTMT-dən çıxması nə Rusiya üçün ciddi itki deməkdir, nə də Qərb üçün qazanc. Bu, sadəcə Ermənistanın əli ilə oyun oynamaqdır. 2008-ci ildə Gürcüstanda olanlar da eyni ssenarini xatırladır. Gürcüstanla Rusiya arasında müharibə də Qərbin təhriki ilə başlayıb. Bunun nəticəsində, Rusiya Cənubi Abxaziya və Osetiyanı tutub. Təbii ki, bu gün Qərb üçün nə Gürcüstanın, nə Ukraynanın, nə də Ermənistanın taleyi maraqlı deyil.

Qərb yenidən müxtəlif ölkələr vasitəsilə anti-Rusiya siyasətini davam etdirir. Rusiyaya qarşı ikinci cəbhəni açmağa çalışır. Təbii ki, bu reallaşacağı təqdirdə Ermənistan savaş meydanına dönəcək. İrəvan hərbi cəhətdən Ukraynadan zəifdir. Üstəlik, aydındır ki, lazımi dəstəyi də görməyəcək. Çünki Qərb müharibə olana qədər “qorxma-qorxma” desə də, sonra aradan çıxır.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.