Pessimizmə qapılan hayların narazılıqları artır
Siyasət

Pessimizmə qapılan hayların narazılıqları artır

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda vəziyyətin gərginləşdiyi hər kəsə aydındır. Bu gərginlik özünü xalqın hakimiyyətə və diaspora qarşı etirazları ilə büruzə verir. Belə ki, hazırda ermənilərin diaspora qarşı nifrəti pik həddə çatıb.

Hətta vəziyyət o qədər mürəkkəbləşib ki, xalq üzləşdiyi səfalətin, bədbəxtliklərin günahkarının diaspor olduğunu bildirir. Bu ilin sentyabrında Azərbaycanın Qarabağ ərazisində separatizmə son qoymaq üçün keçirdiyi antiterror tədbirlərindəki uğuru bu nifrət hissini daha da alovlandırıb. Erməni xalqı uzun illərdir arxalandığı qüvvələrin - ABŞ, Fransa və digər dövlətlərin yarıtmaz siyasətinə görə pessimizmə qapılıb. Hayastan mediasında yayımlanan xəbərlərdə cəmiyyət öz narahatlığını açıq şəkildə etiraf edir, erməni lobbisinin təşəbbüslərinin alt-üst olduğunu söyləyir. Başqa sözlə, dünya erməniliyinin əsas özəyi, lobbiçilik fəaliyyəti bu gün haylar tərəfindən sərt tənqidlərə məruz qalır.

Bundan başqa, Ermənistan mediasında artıq Qərbdəki ermənilərin daha çox uğursuzluqlarla üzləşəcəyi ilə bağlı proqnozlar da verilir. Eyni zamanda, Ermənistanın ABŞ-a olan ümidlərinin qarşıdakı seçkidə puç olacağı da vurğulanır. Ən maraqlısı isə odur ki, uzun müddətdir saxta erməni soyqırımının tanınması istiqamətində addımlar atan ABŞ-ın fəaliyyəti artıq bəyənilmir. Buna əsas səbəb olaraq Vaşinqtonun verdiyi vədlərə əməl etməməsi göstərilir. Ermənistan tərəfi iddia edir ki, Ağ Ev seçilən namizədlərin dövlətinin maraqlarını hər şeydən üstün tutduğunu əsas gətirməklə planları fiaskoya uğradır. Görünür, Cozef Bayden prezident seçiləndən sonra ermənilərə dəstək olsa da, haylar yenə də narazıdırlar. Xatırladaq ki, hələ 44 günlük müharibə yeni başlayanda erməni lobbisi Ağ Evin yeni rəhbərliyinin ənənəsini davam etdirəcəyinə, onlara dəstək verəcəyinə ümidli idi. Amma bu gün Hayastan mediası təəssüf hissi ilə qeyd edir ki, ABŞ ermənilərdən öz məqsədi üçün istifadə etdi. Hətta düşmən mediasında yayılan məqalələrin birində erməni lobbisi ABŞ tərəfindən "istifadə olunub zibil qutusuna atılan salfetə bənzədilib".

Lobbi ilə yanaşı, kilsə də hədəfə alınır. Çünki bu gün erməniliyin əsasını kilsə təşkil edir. Məlum olduğu kimi, Paşinyan və ondan öncəki hakimiyyətin çirkin təbliğatının, düşmənçiliyin yayılmasında kilsə əsas rolunu oynayıb. Məqsədi xalqlar arasında sülh və əmin-amanlığı təbliğ etmək olan kilsələr, Ermənistanda yanlış mexanizm ilə işləyir, separatizmi təşviq edir. Yeri gəlmişkən, erməni kilsəsinin terror yuvası olduğu da hər kəsə aydındır. Törədilən vandal aktların əksəriyyəti də məhz kilsə tərəfindən idarə olunur. Bu baxımdan Ermənistan mediasında erməni lobbisinə rəhbərlik edən şəxslərin dəyişməsinin zəruriliyinin vurğulanması da təsadüfi deyil.

Bütün bunlar bir daha söyləməyə əsas verir ki, Ermənistan "ağalarına" qarşı yenə "buynuz çıxarır". Əvvəl Rusiyaya qarşı gündəmə gələn Hayastan, indi də ABŞ-dan narazılıq edir. Halbuki bu gün havadarları olmadan Hayastan heç bir gücə sahib deyil. Xatırladaq ki, erməni diasporunun ən fəal olduğu ölkələrdən biri olan ABŞ-da təxminən bir milyon, Fransada isə 750 minə yaxın hay yaşayır. Burada məşhur fransız yazıçısı Aleksandr Dümanın ermənilərlə bağlı söylədiklərini qeyd etmək yerinə düşər: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər". Məhz ermənilərin istəkləri təmin edilmədiyinə görə bu gün İrəvanda vəziyyət mürəkkəbləşir.

Nəzrin ELDARQIZI,

"Respublika".