Pilot Aqroparkda məhsul yığımına başlanılıb
İQTİSADİYYAT

Pilot Aqroparkda məhsul yığımına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Pilot Aqroparkda buğda biçininə başlanılıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib. Media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 8 milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib.

22 İyun İZİA-dən verilən məlumatda bildirilir ki, cari ildə rezident tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılmış sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçini aparılmış 150 hektar sahənin hər hektarından 4,5 tondan çox keyfiyyətli buğda əldə edilib.

Aqroparkın ərazisində “Fructus Aqropark” MMC tərəfindən Almaniyanın, Fransanın, Amerikanın ən müasir texnika və texnologiyalarından istifadə edilir.

“Respublika”.