Prokurorluq orqanlarında
Digər xəbərlər

Prokurorluq orqanlarında "Açıq qapı" günü

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağı nəzərə alınaraq fevralın 20-də prokurorluq orqanlarında növbəti "Açıq qapı" günü keçirilib.

Yasamal rayon prokurorluğunun inzibati binasında baş tutmuş tədbirdə məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsi barədə gənc hüquqşünasları məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, tədbirdə Bakı Dövlət və "ADA" universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələr iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, vətən uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yasamal rayon prokuroru Elman Süleymanov, rayon prokurorunun müavini Rəşadət Orucov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov və rayon prokurorluğunun əməkdaşları "Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu", "Prokurorluq orqanlarında həyata keçirilən islahatlar", "İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti", "Prokurorluq orqanlarında istintaq" və digər mövzularda çıxış ediblər. 

Çıxışlardan sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və "Valideynimin peşəsi" adlı qısametrajlı film izləndikdən sonra gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Tələbələr rayon prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış iş şəraiti ilə əyani tanış olublar.

Sonda xatirə şəkli çəkilib.

Mehparə ƏLİYEVA,

"Respublika".