Qarabağın erməni əhalisi üçün unikal tarixi şans
Gündəm

Qarabağın erməni əhalisi üçün unikal tarixi şans

Ermənistan Vətən müharibəsindəki acı məğlubiyyətindən düzgün nəticələr çıxara bilmədi. Bəlkə də bu ölkənin düzgün qərarlar qəbul etməsinə, Azərbaycanla sülh sazişini imzalamasına bir tərəfdən daxildə olan revanşist qüvvələr, digər tərəfdən də bəzi xarici dairələr imkan vermədilər. İstənilən halda, son üç ildə Ermənistan demək olar bütün vacib məsələlərdə destruktiv mövqelərdən çıxış etdi, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozan rəsmi İrəvan silahlı qüvvələrinin birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadı. Ölkəmizə qarşı həyata keçirilən mina terroru nəticəsində son üç ildə 300 nəfərdən çox vətəndaşımız həlak oldu. Həmçinin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri son terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı dünyasını dəyişdi. Məhz bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün ərzində qəhrəman hərbçilərimiz qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər.

Antiterror tədbirləri dayandırıldıqdan bir neçə saat sonra qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinə, eləcə də Azərbaycanın tələblərinə uyğun olaraq silahların təhvil verilməsinə başlandı. Əlbəttə ki, Ermənistan bu prosesə hələ üç il bundan əvvəl başlamalı idi. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Əgər rəsmi İrəvan öz öhdəliklərinə vaxtında əməl etsə idi, hər iki tərəfdən insan itkilərinin qarşısı alınardı. Hər halda gec də olsa Ermənistan hökuməti öz səhvlərini başa düşməyə başlayıb. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, əgər rəsmi İrəvan vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir və nəinki deyir, hətta ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Əlbəttə ki, bütün bu anlaşmalar və etiraflar ilk növbədə Azərbaycanın dəmir yumruğunun həlledici təsirinin nəticələridir. Azərbaycan necə ki, İkinci Qarabağ savaşında ədalətli müharibə aparmışdı, antiterror tədbirləri də hərbçilərimiz tərəfindən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirildi. Ali Baş Komandanın göstərişlərinə uyğun olaraq heç bir mülki şəxsə və mülki infrastruktura ziyan vurulmadı və bu gün də onların təhlükəsizliyi tam təmin olunur.

Prezident İlham Əliyev çıxışında mövcud vəziyyəti dəqiq qiymətləndirərək bildirdi ki, kriminal xunta rejimi təslim olandan sonra Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bu insanlar uzun illər qondarma separatçı rejimin girovu olublar. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru kəskin dönüşü öz gözləri ilə görə biləcəklər. Azərbaycan bu bölgədə sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə həyat qurmaqda qərarlıdır.

Dövlət başçısı birmənalı olaraq bildirdi ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, Azərbaycan erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmayıb. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin talan edilməsində dövlətimiz yalnız kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham edib. Bütün bu cinayətlərə görə məhz onlar məsuliyyətə cəlb olunacaqlar. Qarabağda yaşayacaq ermənilərin isə bütün hüquqları, o cümlədən təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları Azərbaycan qanunlarına uyun şəkildə təmin ediləcək. Azərbaycan bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurduğu kimi, eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda və bütün kəndlərdə də yaradacaq. Azərbaycanın məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifi unikal tarixi fürsətdir və Qarabağda yaşayan sadə insanlar bu fürsəti əldən verməməlidirlər.

Novruzəli ASLANOV,

Milli Məclisin

deputatı.