Qarşılıqlı fəaliyyət və maraqlar ruhu
Siyasət

Qarşılıqlı fəaliyyət və maraqlar ruhu

Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları, o cümlədən də şimal qonşumuz Rusiya Federasiyası ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi müəyyən edib. Ötən dövrdə rəsmi Bakı və Moskva arasında münasibətlər beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulmuş və uğurla inkişaf etmişdir. İndiki həssas dönəmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri isə iki ölkə arasındakı münasibətlər üçün yeni mərhələ deməkdir.

Ulu öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü: “Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır". Dahi Lider ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrə əsaslanaraq şimal qonşumuzla münasibətlərin daha da yaxşılaşdırılması üçün heç bir maneə görmür, əksinə XIX və XX əsrdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi və mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi.

Məlumdur ki, ötən əsrin 90-cı illərində Azərbaycan-Rusiya münasibətləri özünün mürəkkəb dövrünü yaşamış, ölkələrimiz arasında əlaqələr tarixinin ən arzuolunmaz səviyyəsinə enmişdi. Lakin ulu öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı əlaqələrimizdə dönüşə səbəb olsa da, Rusiyanın özündə vəziyyətin, o cümlədən idarəçilikdə böhranın yaşanması prosesi ləngidir və cəhdlər lazımi effektini vermirdi. Rusiyada Vladimir Putinin siyasi olimpə gəlişi isə vəziyyəti dəyişdi və nəhayət ki, rəsmi Bakının cəhdlərinə Kremldən adekvat reaksiyalar almağa başladıq və bu, faktiki yeni dövr üzrə münasibətlərimizin başlanğıcı oldu. Cənab İlham Əliyevin aprelin 22-də Moskvada rusiyalı həmkarı ilə bərabər Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə də xüsusi qeyd etdiyi kimi, “Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub".

Aydındır ki, ulu öndərin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir və o cümlədən də xarici siyasət kursu üzrə dövlətçiliyin varisliyi möhtərəm cənab Prezident tərəfindən uğurla davam etdirilir. O cümlədən də Azərbaycanın Rusiya siyasəti ötən dövr ərzində yeni mərhələyə qalxmış, əlaqələrimiz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə özünün ən uğurlu dönəminə qədəm qoymuşdur. Məhz bu sənədin qəbulu ilə iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlanıb.

Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox aydındır. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində Moskvada Prezident Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”.

Eyni zamanda Rusiyanın Azərbaycana yanaşması da kifayət qədər aydındır. Prezident Vladimir Putinin, ilk növbədə, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev barədə düşüncələri əslində, Rusiyanın Azərbaycana münasibətinin təməlində dayanan bazis hesab oluna bilər. Bu gün münasibətlərin xarakterinə, habelə ölkələrimiz arasında münasibətlərin prioritetlərini müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, rəsmi Bakı-Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır.

Əlbəttə, Rusiya ilə çoxəsrlik tarixə malik əlaqələrimiz bir sıra dairələri narahat edir, xüsusən Qərb təbliğatının təsiri altında yetişən, yaxud Qərbdən qidalanan şəbəkələr Bakı-Moskva əlaqələrini müstəqilliyə təhdid kimi qələmə vermək istəyir, xüsusən “ənənəvi rus işğalı”nı mümkün qədər əsas ritorikaya çevirməyə çalışırlar. Lakin yenə əsas olan kimlərinsə məqsədli şərhi yox, mövcud reallıq və ölkələr arasında münasibətləri tənzimləyən hüquqi bazisdir. Məsələn, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsasən, 43 maddəlik sənəddə milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, xüsusən iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Eyni zamanda sənəddə beynəlxalq hüquqazidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyətini güdən nəinki heç bir maddə, ümumiyyətlə, heç bir nüans yoxdur.

Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. Nəticə etibarilə Prezident Əliyev nəinki ən çətin və təhlükəli məqamlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu, düz bir il bundan əvvəl, 23 apreldə elə Rusiya hərbi kontingentinin gözü önündə Laçın sərhəd-buraxılış məntəqəsini qurdu. Bu, həqiqətən, böyük tarixi hadisə idi və ancaq, sözün əsl mənasında, müstəqil dövlət bunu edə bilərdi. Həmçinin ötən həftə məhz Azərbaycan Prezidentinin iradəsi ilə Rusiya sülhməramlıları ölkədən çıxarıldı. Əlbəttə, Rusiyanın da digər dövlətlər kimi öz maraqları var, lakin möhtərəm Prezident göstərdi ki, bu maraqları uzlaşdırmaq və beynəlxalq hüquq çərçivəsində hər iki tərəfin maraqlarına xidmət edən reallıqlar yaratmaq mümkündür. Təsadüfi deyil ki, cənab İlham Əliyev Rusiyanın paytaxtından “qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin möhkəmləndirilməsi”ni bəyan etməklə Azərbaycanın Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi. Öz növbəsində möhtərəm Prezidentin şəxsiyyətinə Rusiyada yüksək ehtiram, habelə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək cənab Putinin də Bakı ilə münasibətlərin perspektivinə inandığını, Azərbaycanın və Azərbaycan liderinin timsalında etibarlı və güvənli müttəfiq gördüyünü müəyyən etmək çətin deyil.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.