Qazax: Qəhrəman döyüşçünün məzarı ziyarət olunub
Region

Qazax: Qəhrəman döyüşçünün məzarı ziyarət olunub

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid Orxan Əliyevin şəhadətinin 6-cı ildönümü münasibətilə doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarına tər qərənfillər düzərək əziz xatirəsini dərin ehtiramla anıblar. Şəhidimizin ruhuna dua oxunub.

İcra başçısı Rəcəb Babaşov bildirib ki, Aprel döyüşlərindən 6 il ötsə də, xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unutmur. Qeyd edib ki, Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. "Qarabağ Azərbaycandır!" -deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 6 il əvvəl Lələtəpədə dalğalanan bayraq artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb.

Qazax rayonunda gənclər arasında vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu gün qazaxlılar 7 Milli Qəhrəmanı, Aprel şəhidləri, İyul döyüşlərinin qəhrəmanları, Vətən müharibəsi şəhidləri, eləcə də bütün şəhidlərlə qürur duyur, fəxr edir. Rayon rəhbəri bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycanın fəxri olduqlarını qeyd edib.

Şəhidimizin atası Məhəmməd Əliyev şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. "Bu gün övladım Orxanın, eləcə də bütün şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qisası alınıb, torpaqlarımız azad edilib və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarıq", -deyən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.

Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Texniki Kollecinə "Avtomobil nəqliyyatı" şöbəsinin "Yol hərəkətinin təşkili" ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Orxan 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar" adlı kitab çap olunmuşdur.

Vəli VƏLİYEV,

"Respublika".