Qədim Şuşa: gənclər paytaxtı
Mədəniyyət

Qədim Şuşa: gənclər paytaxtı

Bu ad yenidən qurulan və bərpa edilən gözəl şəhərimizə çox yaraşır

Vətən müharibəsindəki tarixi qələbə təkcə torpaqlarımızın azad edilməsilə nəticələnmədi. Dövlət başçımızın da dediyi kimi, Qarabağ probleminin həlli qlobal arenada layları tərpətdi, biz həm düşmənlərimizi gördük, onların maskaları yırtıldı, həm də dostlarımızı daha yaxından tanıdıq. Azərbaycan beynəlxalq diplomatiyada  önəmli addımlar atmağa başladı. Məqsəd dostlarının sayını artırmaq, əməkdaşlıq coğrafiyasını genişləndirməkdir. Bu gün nəinki Bakı, həmçinin işğaldan azad olunmuş ərazilər qlobal tədbirlərə  ev sahibliyi edir və  elə son üç ildə onlarla belə tədbirin  şahidi olmuşuq. Bu mənada Şuşa daha çox fərqlənir...

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 17 aprel tarixli Sərəncamı ilə Şuşa şəhəri 2024-cü il üçün  "İslam Əməkdaşlıq Təşkilatının  gənclər paytaxtı" seçilib. Sərəncamda deyilir: "2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının  Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı 2024" Beynəlxalq proqramına 10-cu ev sahibi seçilmişdir".

2020-ci ilin noyabr ayında dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda  bərpa-quruculuq işlərinin planauyğun,  koordinativ formada  aparılması məqsədilə  Əlaqələndirmə Qərargahının yaradılması barədə sərəncam imzalayıb. Onun nəzdindəki  İdarələrarası Mərkəz 10-dan çox işçi qrupunu birləşdirir.  İşçi qrupları vaxtaşırı yerlərdə olur,  yenidənqurma və bərpasına ehtiyac duyulan sahələr  müəyyənləşdirilir, konkret tədbirlərin icrası üçün iş qrafiki tərtib edilir. Ərazilərin minalardan təmizlənməsi, telekommunikasiya, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, mobil rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi məsələlərə diqqət yetirilir.

Dövlət başçısı İlham Əliyevin digər Sərəncamı ilə 270 yaşı tamam olan  Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci il "Şuşa İli" elan edilmişdi. Bu barədə imzalanan sərəncamda deyilir ki,  Şuşa zəfərindən dərhal sonra şəhərdə  infrastrukturun  qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına  başlanılmış,  quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün  burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş,  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır: "Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi  simasının bərpası  yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin  və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin  bərpası prosesi ölkəmizin  mədəniyyət paytaxtındakı  kompleks işlərin tərkib hissəsidir".

Şuşanın elektrik təsərrüfatı bərpa olunub, yüksəkgərginlikli xətlər  çəkilib, yarımstansiya istifadəyə verilib. Mənfur düşmənin dağıtdığı  su xətləri də işlək  vəziyyətə gətirilib. İndi burada Natəvan bulağı çağlayır, məscidlər əsaslı təmir edilib. Bu müqəddəs  məkandan azan səsi ucalır. "Xarıbülbül" və "Qarabağ" otelləri qonaqlarını qəbul edir. Bir sözlə, "Şuşa İli" bu qədim şəhərin inkişafına güclü təkan oldu. Şuşa beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün real məkana çevrildi...

2023-cü il də yaddaqalan olub. Belə ki, qədim qalada həmin ilin martında "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" ilinin rəsmi açılış mərasimi keçirilib. May ayında isə "Xarıbülbül" VI Beynəlxalq Folklor Festivalı baş tutub.  Tədbirə xarici ölkələrin folklor qrupları da qatılıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  I Türk Dünyası Mədəniyyət Forumu,  Beynəlxalq Türk Akademiyası ilə birgə  Türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbir, TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı, Türk dünyasının mədəni marşrutu və s. toplantılar təşkil olunub.

2023-cü ilin iyulunda Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a  üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərgi və "Mir Möhsün Nəvvab  Qarabağinin silah kolleksiyası" adlı  kitab-kataloqun  təqdimatı keçirilib. Şuşa ötən il beynəlxalq uşaq yaradıcılıq festivalı, "Wonderland Şuşa 2023" beynəlxalq skaut düşərgəsi, Türk dünyası diaspor gənclərinin görüşü, TÜRKSOY Media Mükafatının təqdimatı, "Qorqud Ata Türk Dünyası" Film Festivalı və s. tədbirlərə də ev sahibliyi edib.

Ötən ilin yaddaqalan tədbirlərindən biri də  dünyanın beyin mərkəzlərini təmsil edən nümayəndələrin Şuşada beynəlxalq konfransda iştirakı olub. Əslində belə bir tədbirin Şuşada keçirilməsi həqiqətən də əhəmiyyətli hadisə idi. Dünyamiqyaslı nüfuzlu ekspert, tədqiqatçı alim və media nümayəndələri  azad edilmiş ərazilərimizlə tanış olub, erməni vəhşiliyini, bununla yanaşı,  sürətlə davam edən bərpa-quruculuq prosesini öz gözləri ilə görüblər ki, bu da çox önəmlidir. Çünki məhz bu tədbirlər çərçivəsində  dünya ictimaiyyəti Azərbaycanın  bölgədə yaratdığı yeni reallıqlarla daha yaxından tanış olur, Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq prosesini izləyə bilir.

Şuşada keçirilən tədbirlərin iştirakçıları yaşayış məntəqələrinin ermənilər tərəfindən  necə viran qoyulduğunun, ərazilərimizin dağıdılmasının, ekoloji və mina terrorunun, digər vandal hərəkətlərin şahidi olurlar.  Dünya görür ki, Azərbaycan uzun illər olduqca təhlükəli düşmənlə üz-üzə olub, Ermənistanın işğalçılıq, vandalizm, faşizm siyasətindən əziyyət çəkib,  ölçüyəgəlməz maddi-mədəni itkilərə məruz qalıb. Ümumiyyətlə, Qarabağda, Şuşada beynəlxalq miqyaslı tədbirlərin  keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir və dövlətimiz bunun üçün bütün resurslardan istifadə edir.

2024-cü il Şuşa üçün bir daha əlamətdar olacaq. Gənclər paytaxtı kimi bu qədim şəhər cəmiyyətin aparıcı qüvvəsi olan gənclərimiz üçün qlobal məsələlərin müzakirəsi baxımından real məkana çevriləcək. Azərbaycanın problemlərinin, uğurlarının dünyaya çatdırılmasında ölkə gəncləri daha fəal olacaq, Şuşadan dünyaya növbəti mesajını verəcək: Azərbaycan bölgədə genişmiqyaslı inkişafa, çoxşaxəli əməkdaşlığa töhfə verməyə davam edəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".