Qərbin regional maraqları
Digər xəbərlər

Qərbin regional maraqları

Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaratmaq qərarına gəlmiş və bildirmişdir ki, bu missiya vasitəsilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq. Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və sərhəddə patrul xidməti həyata keçirəcək. Beynəlxalq Böhran Qrupunun şərhçiləri hesab edirlər ki, belə bir missiyanın mövcudluğu iki ölkə arasında gərginliyi azalda bilər, amma uğurlu nəticə əldə olunması üçün missiyanın mandatı və maliyyə imkanları məhdud olmamalıdır.

Regional sabitliyin və sülh prosesinin inkişafı üçün bölgədə Avropanın təyin etdiyi sülhməramlıların məqsədi həqiqətən də bunu təmin etməkdirmi? Yeni dünya düzəninin formalaşdığı bir zamanda, Rusiya-Ukrayna müharibəsi çərçivəsində rəsmi Moskvanın sanksiyalara məruz qaldığı bir dövrdə Avropanın əsas məqsədi Cənubi Qafqazda sabitliyi bərpa etməkdirmi? Qəribə səslənsə də, Amerika və Avropanın hər vəchlə Rusiyaya qarşı cəbhə yaratmaq niyyətinin həyata keçirilməsinə rəsmi İrəvan ilk addım atan tərəf oldu. Rusfob şüarlar səsləndirərək hakim dairələrdən Rusiya meyilli dövlət adamlarının vəzifədən uzaqlaşdırılması, Rusiya hərbi bazaları önündə etiraz aksiyaları, özünə yeni himayədar axtarışında olması bunu deməyə əsas verir. Görünən odur ki, Ermənistan baş verə biləcəklərin fərqində belə deyil. İflasa uğramış siyasi gedişin növbəti uğursuzluğu bu gün nəinki öz ərazilərini, eyni zamanda bütün Cənubi Qafqazı təhlükə altında qoyur. Regional təhlükə, təcavüzkar olan Ermənistan Avropanın Rusiyaya qarşı yeni cəbhə yaratmaq istəyinə xidmət etməkdədir. Cənubi Qafqazda "sülh" adı altında regional sabitliyin hərbi yolla əldə edilə bilməyəcəyi artıq başadüşülən olmalıdır. Avropanın Rusiya ilə siyasi və hərbi güc savaşının regionda dağıdıcı təsirləri ola bilər. Necə ki, Rusiya Ukraynada söz sahibi olmaq istəyirsə, Avropa da Rusiyanın Qafqaz bölgəsindəki gücünü sarsıtmaq istəyir. Bu siyasi hərc-mərclikdə ölkələrin təhlükəsizliyi və inkişafı mümkün deyil. Danılmaz faktdır ki, Avropa və Rusiyanın hərbi aktlarının regionda hələ ki, baş verməməsinin yeganə səbəbkarı isə Azərbaycandır. Qərb yaxşı bilir ki, Rusiyadan kəsilən enerji təminatından sonra Azərbaycan regional olaraq ən önəmli oyunçudur. Eləcə də Rusiya üçün Azərbaycan strateji müttəfiqdir.

Rusiya və Ermənistan arasındakı münasibətlər mənfiyə doğru irəliləyir. Avropa İttifaqı Azərbaycandan sui-istifadə edə bilmir. Çünki Prezident İlham Əliyev ötən il 6 oktyabr tarixində Praqa şəhərində ilk dəfə regiona Avropa mülki missiyasının yerləşdirilməsinə etirazını bildirmiş, Azərbaycan ərazisində bu qüvvələrin yerləşməsinə icazə verməmişdi. Missiya regionda qaldığı 2 ay müddətində heç bir nəticə ortaya qoymadı. Mülki missiyanın bölgədə qalma müddətinin 2025-ci ilədək uzadılması isə onu göstərir ki, bu qüvvələr Rusiya sülhməramlılarına alternativ olmağa çalışırlar. Sonradan bu qüvvələrin tərkibində Fransa Jandarmının da olması faktı ortaya çıxdı. Missiyanın yerləşməsindən sonra atəşkəs rejiminin pozulması halları müşahidə olundu. Görünən odur ki, Müşahidə missiyasının əsas məqsədi regionu yox, Rusiyanı müşahidə etməkdir.

Nurlan ABDALOV,

"Respublika".