Qərbin yazdığı ssenaridə ən çox ziyan görən ölkə Hayastan olacaq
Siyasət

Qərbin yazdığı ssenaridə ən çox ziyan görən ölkə Hayastan olacaq

Uzun müddətdir ki, haqqında danışılan, Ermənistan cəmiyyətində də böyük maraqla gözlənilən Brüssel görüşü baş tutdu. Məsələnin mahiyyətini şərh etsək, bu qənaətə gəlmək olar ki, Qərb dövlətləri Ermənistandan öz maraqları naminə istifadə etmək üçün sanki bir-biriləri ilə yarışır. Görüş çərçivəsində heç bir hərbi və təhlükəsizlik məsələsinin müzakirə predmetinə çevrilməyəcəyi deyilsə də, bağlı qapılar arxasında nələrin müzakirə edildiyi, Ermənistana nə kimi vədlər verildiyi hələ də sirr olaraq qalır.

Amma hər şeydən öncə, bir vacib məsələni qeyd etmək lazımdır. 5 aprel görüşü öncəsi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etməsi və mövqelərini izah etməsi ölkə başçısının qlobal müstəvidəki nüfuzunun bariz göstəricisidir. Lakin dövlət başçısı türkiyəli millət vəkili Mövlud Çavuşoğlunu qəbul edərkən xatırladıb ki, qarşı tərəflərin bu görüşün Azərbaycan əleyhinə olmamasına inandırmalarına baxmayaraq, bunun ölkəmiz əleyhinə işbirliyi olduğunu bilirik. Ermənistanla sülhə heç vaxt olmadığı qədər yaxın olduğumuz indiki zamanda belə bir görüşün keçirilməsi ölkəmizi narahat etməyə bilməz. Azərbaycanın iştirakı olmadan regionda təhlükəsizlik məsələlərinin müzakirə olunması qəbuledilməzdir.

Məlum olduğu kimi, Cənubi Qafqaz ətrafında müxtəlif planlar hazırlanır. Bütün bunlar Ermənistanın xilası adı altında olsa da reallıqda bu, ölkənin xilasına yox, bölgədə yeni xaos və anarxiyanın yaranmasına gətirib çıxara bilər. Brüssel görüşündə Ermənistana siyasi və iqtisadi dəstək revanşist qüvvələrin yenidən baş qaldırmasına rəvac verəcək. Üçtərəfli görüşdən sonra mətbuata verilən açıqlamada təhlükəsizlik və hərbi məsələlərə dair nüanslara rast gəlinməsə də Ermənistana edilən iqtisadi yardımların həqiqətən iqtisadi mahiyyət daşıyıb-daşımadığı yaxın gələcəkdə bəlli olacaq. Ölkəmizin mövqeyinə gəldikdə isə deyə bilərik ki, Ermənistanın özünə yeni müttəfiqlər axtarması Azərbaycanı heç vaxt narahat etməyib. Amma müttəfiqlikdən Azərbaycana qarşı istifadə edilibsə onda rəsmi Bakı hər zaman olduğu kimi, adekvat tədbirlər həyata keçirib.

Nəzərə almaq lazımdır ki, Ermənistanın bu günə qədər sülh müqaviləsini imzalamağa razılıq verməməsinə ən böyük səbəb xaricdən gələn dəstəklərə güvənməsidir. Qeyd etdiyimiz kimi, İrəvana veriləcək iqtisadi dəstək onun təhlükəsizliyini də təmin etməlidir. Belə olduğu təqdirdə, görüş çərçivəsində təhlükəsizlik məsələsinin müzakirə edilməməsi inandırıcı görünmür. Brüssel görüşü qonşularımız tərəfindən də ciddi etirazla qarşılanıb. Rusiya və Türkiyə tərəfindən məsələ ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar verilib. Yalnız İran bu məsələyə səssiz qalıb. Vaxtilə Azərbaycanı regiona üçüncü qüvvələri gətirməkdə ittiham edən İran Qərbin regiona yerləşməsində özünü kar, kor, lal kimi aparır. Ola bilsin ki, Ermənistanın Qərb ölkələri ilə iqtisadi münasibətlərinin inkişafı dolayısı ilə İran üçün də müəyyən fürsət yarada bilər. Hər halda, keçirilən görüş Ermənistana yeni ümidlər verəcək. Lakin Qərbin yazdığı bu ssenaridə ən çox ziyan çəkən ölkə məhz Ermənistan olacaq.

Qərbi hər zaman süddən çıxmış ağ qaşıq hesab edən, attığı hər addımı doğru sayan Sevinc Osmanqızı bu dəfə də öz ritorikasından əl çəkməyib. O, Ermənistana dəstəyin nümayiş olunduğu Brüssel görüşünə haqq qazandırıb. Bununla yanaşı, Aleks Raufoğlu, Qənimət Zahid və başqaları da Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyini tənqid ediblər. Qərbin "5-ci kolonu"nun 5 aprel görüşündən sonra dərhal hərəkətə keçməsinin yalnız bir mənası var. Bu da Qərbin çirkin əməllərinə haqlı don geyindirməkdir.

Məsələn, sabiq səfir Arif Şahmarlı ABŞ və Avropa İttifaqının sərgilədiyi oyunların Azərbaycana yox, Rusiyaya qarşı olduğunu deyib. Burada Ermənistanın Rusiyanın orbitindən çıxarılmasına cəhd göstərilirsə, həm də Azərbaycana qarşı gücləndirmə siyasəti aparılır. Yəni verilən bu kimi açıqlamalar heç bir halda Qərbin əl-üzünü yumağa kifayət etmir. Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyini bəyənməyən keçmiş AXCP üzvünün kimliyi ölkə ictimaiyyətinə çoxdan bəllidir. Fransaya sığınan bu adam indiyə qədər nə Makronun ermənipərəst siyasətini tənqid edib, nə də Fransanın Ermənistana olan yardımını. Bunun da tək səbəbi Qənimət Zahidin cibinin ermənipərəst fransızlar tərəfindən doldurulmasıdır.

Amma hər bir halda Azərbaycan hökuməti bu günə kimi istər Qərbin, istərsə də bəzi şəxslərin haqsız tənqidinə layiqli cavab verib, 30 il Qarabağ ətrafında qurulmuş oyunu poza bilib. Və sonda Ermənistan gördü ki, heç bir dəstək onları məğlubiyyətdən xilas edə bilmir.

Musa BAĞIRLI,

"Respublika".