Şeytani oyunlar
Siyasət

Şeytani oyunlar

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukraynadakı münaqişəni "dondurmaq" tapşırılıb. Bu barədə xarici mətbuatda ardıcıl məqalələr dərc olunur. Bildirilir ki, kollektiv qərbin münaqişəni davam etdirmək üçün nə siyasi, nə də maliyyə imkanları var. Üstəlik, Şərqi Avropadakı savaş Prezident Co Baydenin reytinqini aşağı salıb.

Digər tərəfdən, hazırda rəsmi Vaşinqton regional maraqlarından dolayı Yaxın Şərqdəki İsrail-HƏmas müharibəsinə fokuslanıb və resurslarını bu istiqamətə yönəldib. İki cəbhəyə eyni anda lazımi hərbi və siyasi dəstək vermək isə bir supergüc üçün belə kifayət qədər çətin məsələdir. Ona görə də, Ağ Ev iki il öncə dəstəkləyərək müharibəyə sürüklədiyi Ukraynanı döyüş meydanında tək qoyur. Hətta belə iddialar da var ki, amerikalılar artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə ehtiyac duymadıqları üçün tezliklə onu vəzifəsindən uzaqlaşdırmağa çalışacaq. Əlbəttə, indi Ağ Ev Kiyevə ehtiyac duymur. Çünki Bayden hökuməti müharibəni başladaraq və Şərqi Avropadakı ocağın sönməsinə icazə verməyərək məqsədinə nail olub. Rusiyanın regiondakı maraqlarına zərbə vurub, onu hərbi cəhətdən zəiflədib və beynəlxalq müstəvilərdən kənarlaşdırıb. Üstəlik, tək qazancı bu da olmayıb. Belə ki, müharibə davam etdiyi müddətdə ABŞ Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün mümkün olan hər şeyi edib. Araşdırmalara görə, bu dövrdə neft, təbii qaz və kömür satışından milyardlarla dollar gəlir əldə edib. Yəni Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirib.

Şəxsi mənfəəti üçün Şərqi Avropadakı alovu sönməyə qoymayan Ağ Ev digər regionlardakı ölkələrin də daxili işlərinə qarışmaqla dünyanı böyük müharibəyə sövq edir. Birləşmiş Ştatların Liviya, Suriya və İraqdakı siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində birbaşa əli var. O cümlədən 20 il ərzində Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikməyib, quruculuq işləri görməyib. Əksinə, bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirib. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də bura əlavə etsək, sözsüz ki, dəhşətli mənzərənin şahidi oluruq.

İndi isə aydın olur ki, dünyanı qana bürüyən Vaşinqton Azərbaycanı hədəf almağa başlayıb. Belə ki, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilib. Deyəsən, ABŞ unudur ki, artıq Dağlıq Qarabağ adlı ərazi yoxdur. Rəsmi olaraq həmin ərazi Qarabağ iqtisadi rayonu adlanır. Amma sadaladığımız faktlardan sonra anlayırıq ki, başqasına qarşı ədalətsiz davranmaq ABŞ siyasətinin ana xəttinə çevrilib. Üstəlik, rəsmi Bakı ABŞ-ın çirkin, destruktiv siyasətinə yaxşı bələddir. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. ABŞ bir dəfə də olsun işğal müddətində Ermənistanı qınamayıb, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmayıb. Amma 1992-ci ildə Azərbaycana qarşı "907-ci düzəliş"i qəbul edib. İndi bu dövlət necə vasitəçilik iddiasında ola bilər?

Dinləmələr zamanı Konqresdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Ölkəmizin heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Amma Bakıya yardım etməyəcəklərini söyləyən Konqres üzvlərinə xatırlatmaq lazımdır ki, ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, rejimin nümayəndəliyinin fəaliyyətinə göz yumması riyakarlıqdır. Təsadüfi deyil ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bu, əlbəttə, ciddi məqamdır. Məqsəd isə aydındır: münaqişəni bərpa etmək, sülh prosesinin qarşısını almaq. Bu cəhdlər əbəsdir, çünki Azərbaycan nə ABŞ, nə də Konqres qarşısında öhdəlik daşımır.

Odur ki, heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Tarixi təcrübə göstərir ki, bu, bir çox hallarda bumeranq effekti verir. Yəni ABŞ-ın təzyiq və hədə-qorxuları onun Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyadakı planlarını da suya düşürəcək.

Jalə QASIMZADƏ,

"Respublika".