Qitələri birləşdirən qlobal təşəbbüslər
Siyasət

Qitələri birləşdirən qlobal təşəbbüslər

Geniş coğrafiyanı əhatə edən layihələrlə ölkəmiz tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verir

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRASEKA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür. Konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmışdır. Bundan əlavə, 2001-ci il 21 fevral tarixində Bakı şəhərində ümummilli lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin açılışı olmuşdu. Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynamışdı.

Fəaliyyət göstərdiyi bu illər ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən beynəlxalq və regional layihələrin həyata keçirilməsi prosesində aktiv iştirak edir.

Azərbaycan Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi mühüm beynəlxalq layihələrin əsas tərəfdaşı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları layihələrinin icraçısıdır. Bu yöndə XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi bir hadisə idi. Hazırda Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni İpək Yolu olması üçün şərq-qərb və şimal-cənub istiqamətlərində çatışmayan nəqliyyat əlaqələrini tamamlayacaq layihələr həyata keçirilir. İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlər yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır və bu dəhlizin reallaşması Azərbaycanın növbəti tarixi uğuru və eyni zamanda Orta Dəhlizin tərkib hissəsi olacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, "Made in Azerbaijan" brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur. Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 778 348,3 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 35,6% çoxdur.

Bütün bunlar onu deməyə əsas verir ki, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən böyük əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında mühüm rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək Yolunun bərpasında ciddi əhəmiyyətə malikdir.

Mustafa KAMAL,

"Respublika".