Qlobal tədbirlərin dəyişməz ünvanı
Sosial həyat

Qlobal tədbirlərin dəyişməz ünvanı

Beynəlxalq müstəvidə öz prestiji ilə fərqlənən ölkəmiz mötəbər tədbirlərin dəyişməz ünvanı kimi ad qazanmışdır. Bildiyimiz kimi, 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək Şərqi Avropa regional qrupunun üzərinə düşür. Qeyd edək ki, sədrlik üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkmişdi. Bolqarıstanın da öz namizədliyini geri çəkməsi ilə Azərbaycanın evsahibliyi rəsmiləşmişdir.

Yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə malik ölkə kimi dünyaya örnəkdir. Təsadüfi deyil ki, postsovet məkanında ilk dəfə olaraq ölkəmiz bu mötəbər tədbirə qapılarını açacaq. Bu baxımdan, beynəlxalq ictimai nəzərin Azərbaycana dəstəyi ölkəmizin getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Ölkəmizin qazandığı yüksək etimad və etibar beynəlxalq birliyin qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə həvalə etməsində böyük rol oynayır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı və Qoşulmama Hərəkatına sədrliyi dövründə ona olan inamı doğrultmuş, beynəlxalq zəmində etimad qazanmışdır. Xüsusilə, son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edən ölkəmiz QH-yə uğurlu miras buraxmışdır. Bu gün ölkəmizin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.

Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ənənəvi hal alıb. Belə ki, 2012-ci ildə Azərbaycanda Avroviziya mahnı müsabiqəsinin keçirilməsi, bu çərçivədə beynəlxalq aləmin diqqətinin məhz Bakıda cəmlənməsi olduqca əlamətdar idi. Bununla yanaşı, ölkəmiz Birinci Avropa Oyunlarına da ev sahibliyi etmişdir. Vurğulayaq ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca böyük əhəmiyyət daşımışdır.

Heç şübhəsiz, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyimiz bu siyahıda önəmli yer tutur. Birinci Avropa Oyunlarına uğurlu təşkilatçılığın ardından daha bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi olduqca əlamətdardır. Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizin ev sahibliyi ilə keçirilən tədbirlər müxtəlifliyi ilə seçilir. Belə ki, ötən illər ərzində Formula-1 Qran Pri yarışlarının da paytaxtımızda keçirilməsi buna əyani sübutdur. Dövlət siyasətində izlənilən çoxvektorlu yanaşma bu məqamda da özünü göstərir. 2022-ci ildə ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənarda - Bakıda "Teknofest" festivalı keçirildi. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" - T3 Fondu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi idi. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar Azərbaycanda yüksək səviyyədə qarşılandılar.

Azərbaycanın qlobal təşəbbüsləri bununla da sonlanmır. Belə ki, ötən il ölkəmizdə 74-cü Beynəlxalq Astronavtika Konqresi baş tutdu. Müasir texnologiyaların geniş vüsət alması, rəqəmsal dünyanın daim inkişafı Azərbaycanın da bu prosesdəki rolunu şərtləndirmişdir. Əbəs yerə deyil ki, ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Bütün bunları nəzərə alaraq, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresindən sonra növbəti dəfə Azərbaycanda bu tədbirin keçirilməsinin xüsusi önəmi var.

Azərbaycanın bu xüsusdakı portfoliosu olduqca genişdir. Lakin bütün bunlara rəğmən, qərəzli güc dairələri ölkəmizin bu məramına da qara yaxmaq niyyəti güdürlər. Məhz bu çərçivədə bu il COP29-un Azərbaycanda keçirilməsi son zamanlar daha da fəallaşan anti-Azərbaycan blokuna, çirkin kampaniyalar aparan bəzi dairələrə əsaslı cavab olacaq. Artıq sözügedən blokun bu istiqamətdə fəaliyyəti aydın görünür.

Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir Azərbaycanın uğur siyahısında ön sıralarda yer alacaqdır.

Nurlan ABDALOV,

"Respublika".