Qürur və ehtiramla anılanlar
Sosial həyat

Qürur və ehtiramla anılanlar

Azərbaycan Respublikasının dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Elçin Əliqardaş oğlu Əliyevin izdihamla son mənzilə yola salınmasından 40 gün keçir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailələri,  şəhidin ailə üzvləri  Şirvan şəhər Şəhidlər Xiyabanında Elçinin məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə başsağlığı verib belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu»nda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının müzəffər sərkərdəmizlə Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söylədi. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda döyüşənlərə ən yüksək dəyər verildiyini bildirdi.

İcra başçısı Şirvan şəhərində də şəhidlərin hörmət və izdihamla son mənzilə yola salındığını, onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə-kompleksinin ucaldıldığını vurğuladı:  “Şəhərimizin sakinləri və qonaqları müqəddəs məkanı ziyarət etdikcə Vətən uğrunda canından keçən oğullarımızı xatırlayacaq, “Şəhid anası” abidəsinin qarşısında bütün şəhid analarına minnətdarlıqlarını bildirəcəklər”.

Şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra İlqar Abbasov və tədbir iştirakçıları şəhid Əliyev Elçin Əliqardaş oğlunun evində yas mərasimində iştirak etdilər.  Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.

                                  Tofiq HÜSEYN,

                                 “Respublika”.