Reallıqları heç bir qüvvə dəyişə bilməz
Siyasət

Reallıqları heç bir qüvvə dəyişə bilməz

Zəfər Günü Xankəndi şəhərində təşkil olunan parad Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Azərbaycan müharibədə qalib gəlmiş, maraqların kəsişdiyi çox mürəkkəb bir bölgədə ən qısa zaman kəsiyində və effektiv formada separatizmin kökünü kəsmiş yeganə dövlətdir. Bu situasiyanı və mövcud geosiyasi konfiqurasiyanı təhlil etdikdə, heç şübhəsiz ki, Xankəndi paradını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Ordumuzun triumfu hesab edə bilərik.

Məlumdur ki, Ermənistan kapitulyasiya aktı imzaladıqdan sonrakı ilk dövrlər, yəni 2020-ci ilin sonlarında Ağdam, Kəlbəcər və Laçını boşaltmaqla üzərinə götürdüyü öhdəliyə əməl etsə də, sonrakı periodlarda Qərbin, xüsusən Fransa və onun orbitində olan bir sıra dövlətlərin təhriki ilə digər öhdəliklərdən yayınmağa başladı. Nəticə etibarilə bölgədə yenidən vəziyyət gərginləşdi. Ötən 3 il ərzində Azərbaycan Fərruxda, Qırxqızda, Sarıbabada, Şuşa ətrafında bir neçə əməliyyat həyata keçirməklə, Ermənistanı sülhə dəfələrlə məcbur etsə də, İrəvan Qərbin ritorikasına qapılaraq geri addım atmaq niyyətinin olmadığını əməli olaraq göstərdi. Nəticədə bu ilin sentyabr ayında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 23 saat davam edən antiterror tədbirləri ilə düşməni məğlub edib, 3 ilin ərzində ikinci kapitulyasiya aktını imzalamağa və qanunsuz "rejimi" özünü buraxmağa məcbur etdi.

Yəni faktiki olaraq Azərbaycan necə ki BMT qətnamələrini öz güc və imkanları hesabına yerinə yetirməklə beynəlxalq hüququn aliliyini təmin etmiş oldu, eləcə də antiterror tədbirləri ilə 10 noyabr Bəyanatında əksini tapmış müddəaların, ələlxüsus Azərbaycan ərazisindəki erməni ordu hissələrinin və qanunsuz erməni silahlı dəstələrinin çıxarılması və zərərsizləşdirilməsi ilə bağlı addımları məhz məcburetmə tədbirləri ilə realizə etdi.

Bu gün Ermənistan 10 noyabr Bəyanatı üzrə öz üzərinə götürdüyü daha bir öhdəliyi icra etməməkdə israrlıdır. Belə ki, Bəyanatda ifadə olunduğu kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiya xətlərinin çəkilməsi və həmin xətlər üzrə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təhlükəsizlik təminatçısı kimi çıxış etməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan yenidən adəti üzrə öhdəliklərindən geri çəkilir.

Beləliklə, Ermənistanın növbəti dəfə qeyri-konstruktiv davranışları regionda dayanıqlı, davamlı sülh və əməkdaşlıq mühiti üçün maneəyə çevrilməkdədir. Təbii ki, Azərbaycan qalib gələn tərəfdir. Biz əldə edə biləcəyimiz bütün üstünlüklərə hərbi-siyasi yolla artıq sahib olmuşuq. Ermənistan-Azərbaycan şərti sərhədləri boyu bütün strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədir. Siyasi arenada Azərbaycan Prezidenti aşkar və dəyişilməz reallıq formalaşdıraraq üstünlüyü ələ alıb. Son nəticədə, Ermənistan Qərbdəki havadarlarına heç bir situativ əsas olmadan güvənib prosesləri ləngitməklə yalnız özünün "fail state" - "dalana dirənmiş dövlət" statusunu daha da dərinləşdirməkdə və dövlətçiliyinin fiaskosuna doğru irəliləməkdədir. Azərbaycanın kifayət qədər ciddi alternativləri var, elə bu il İranla Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, qısa zaman kəsiyində Azərbaycanı Naxçıvanla, bütövlükdə Türk dünyasını, Orta Asiyanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi istiqamətində ciddi addımlar atılmaqdadır və bu prosesdə də Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalmış oldu.

10 noyabr Bəyanatının 3-cü ildönümündə artıq Ermənistanın təslimçi və məğlub mövqeyi yalnız üçtərəfli Bəyanatın şərtləri ilə ehtiva olunmur. Bu gün Azərbaycan və Ermənistan arasında getdikcə dərinləşən hərbi, siyasi, iqtisadi fərqlər, həmçinin Azərbaycanın Müzəffər Ali Baş Komandanının Xankəndidən Ermənistana, o cümlədən onun havadarlarına və bütövlükdə dünyaya səslənişi artıq Azərbaycanın bu bölgənin əzəli-əbədi söz sahibi kimi dayanıqlı bir status yaratdığını və bu reallığı heç bir qüvvənin dəyişə bilməyəcəyini göstərməkdədir. Təsadüfi deyil ki, bir zamanlar Azərbaycana münasibətdə radikal davranışlar sərgiləyən çoxsaylı subyektlər artıq bölgəyə nisbətən aydın gözlə baxmağa və ritorikalarını yenidən nəzərdən keçirməyə başlayıblar. Bu prosesdə əslində Ermənistan ayıq olmalı, başa düşməlidir ki, ABŞ, yaxud Fransa üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır və Bakıya münasibətdə aqressiv ritorikanın təməlində də bu dayanmaqdadır. Təəssüf ki, Fransa, ABŞ kimi bir sıra qlobal güclər illər uzunu Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxmış, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Lakin Azərbaycan qələbəmizlə bölgədə elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır.

Bəhruz MƏHƏRRƏMOV,

millət vəkili.