Regional təhlükəsizliyin, inkişaf və tərəqqinin açarı
Siyasət

Regional təhlükəsizliyin, inkişaf və tərəqqinin açarı

Planetimizdə baş verən münaqişələr bütövlükdə təhlükəsizliyə mənfi təsir göstərir. Bu çərçivədə geosiyasi və iqtisadi cəhətlər nəzərə alınaraq yeni dünya düzəninin qurulması olduqca vacibdir. Xüsusilə Cənubi Qafqazda sabitlik və sülh məsələsi ön plandadır. Kapitulyant Ermənistanın sülh müqaviləsini hələ də imzalamadığını nəzərə alsaq, regional inkişafa ən böyük zərbə də məhz bu amildir. Şübhəsiz ki, yeni reallıqların müəllifi kimi Azərbaycan daim Cənubi Qafqazın inkişaf prespektivlərini müəyyənləşdirir. Ölkəmiz bu gün sabitliyin, inkişaf və tərəqqinin açarıdır. Xüsusi qeyd edilməlidir ki, bu məqamda xarici siyasətimizlə yanaşı, daxili balansın təmin edilməsi mühüm əhəmiyyət daşıyır ki, dövlətimiz hər iki aspektdə örnək təşkil edir. Məlumdur ki, Cənubi Qafqaz regionu Avrasiya məkanının geosiyasi, geoiqtisadi əhəmiyyətinə görə ən vacib bölgələrindən biridir. Bu regionun zəngin təbii resurslara, enerji ehtiyatlarına malik olması, coğrafi mövqeyi, tarixi keçmişi və digər xüsusiyyətləri müasir geosiyasi proseslərin vacib elementlərindən birinə çevirmişdir. Bölgənin təhlükəsizliyi Avrasiya məkanı və bütövlükdə qlobal təhlükəsizlik sisteminin vacib regional aspektləri sırasındadır.

Cənubi Qafqazın təhlükəsizliyi məsələsi öz aktuallığını qoruyur. Dünya miqyaslı proseslərin fonunda bu, yeni çalarlar ala bilər. Problem ondan ibarətdir ki, ortaya çıxan məqamlar region dövlətlərindən daha həssas siyasət yeritmələrini tələb edir. Bu aspektdə isə vəziyyət heç də aydın görünmür. Çünki Ermənistan xarici siyasətində çevik gedişlər etmək iqtidarında deyil. Müşahidələr göstərir ki, rəsmi İrəvanın bu istiqamətdə yeni addımlar atmaq niyyəti də yoxdur. Əksinə, həmin ölkədə daxili sosial-siyasi vəziyyət getdikcə daha da pisləşir. Sərhədlərin delimitasiya və demarkasiyanın reallaşmaması, kommunikasiyaların bərpasından imtina edilməsi, dəqiq mina xəritələrinin təhvil verilməməsi sülh və sabitliyə ciddi əngəl olur. Bununla yanaşı, Azərbaycanın strateji fəaliyyəti, sabitlik – təhlükəsizlik adası və inkişaf məkanı olması dünyada Cənubi Qafqaza yeni geosiyasi baxışın formalaşmasını şərtləndirir. Bununla yanaşı, ölkəmiz müharibənin bitməsi – yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünyada böyük etimad qazanması və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınması bir daha öz təsdiqini tapır. Əlbəttə ki, bu çərçivədə əldə edilən uğurlar heç də təsadüfi deyil. Son olaraq BMT-nin, Dünya Bankının və digər akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" 2024-cü il üçün dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralamasını açıqlayıb. Ərazisində terror təhlükəsi ən yüksək olan ölkələr arasında Burkina Faso, İsrail, Mali, Pakistan, Suriya, Əfqanıstan ilk sıralarda yer tutur. Sözügedən siyahıda İran 26-cı, ABŞ 30-cu, Rusiya 35-ci, Fransa 38-ci, Ermənistan isə 76-cı yerdədir. Ölkəmiz isə digər çoxsaylı göstəricilər üzrə aparılan mürəkkəb hesablamalara əsasən dünyanın ən yüksək antiterror reytinqində yer alıb. Ölkəmiz "0" indekslə Danimarka, Finlandiya, Qətərlə birgə sonuncu, yəni 89-cu yerdə qərarlaşıb. Bununla da ölkəmizin qlobal miqyasda terrorla bağlı ən təhlükəsiz yer olduğu təsdiqlənib. Əslində bu reallıq daha öncə də etiraf edilmişdi. Belə ki, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) ötən ay açıqlanan hesabatında bildirilmişdi ki, rəsmi Bakı terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. Qeyd olunmuşdu ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır. Bu isə hökumətimizin apardığı islahatların, eləcə də ölkədə şəffaf maliyyə sisteminin qurulmasının, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsinin nəticəsidir.

Nurlan ABDALOV,

“Respublika”.