Regionda diktə edən tərəf Azərbaycandır
Siyasət

Regionda diktə edən tərəf Azərbaycandır

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi. Amma dövlət başçımız İspaniyaya səfərdən imtina edib.

Buna səbəb Azərbaycanın görüşdə Türkiyənin iştirakını  təkid etməsinə baxmayaraq, Paris və Berlin cütlüyü ilə bu məsələdə fikir ayrılığı yaşanması olub. Əvvəlcə onu qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı. Amma görünür, Qərb bu prosesdə maraqlı deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan regionda birgə hərəkət edir.

 Liderlər hər zaman bəyan ediblər ki, Cənubi Qafqazla bağlı məsələlər regional çərçivədə həll edilməlidir. Çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Elə bu səbəbdən də Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün "3+3" formatını təklif edib. Hazırda İran da bu formatın tərəfdarıdır. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qeyri-region ölkələrinin bölgəyə müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və "3+3" formatlı platformanın vacibliyi vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın Qranada görüşündən iştirakdan imtina etməsinin rəsmi Bakının suveren hüququ olduğunu deyib. Ölkəmiz də öz hüquqlarından istifadə edərək, şəxsi iradəsi ilə hərəkət edir və göstərir ki, diktə edilən deyil, diktə edən tərəfdir.

Görüşdən imtinanın digər bir səbəbi isə Fransanın destruktiv mövqeyidir. Fransa XİN başçısının İrəvana səfəri və burada ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib. Həmçinin Fransanın baş diplomatının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı da görüşün müqəddəratını həll edib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir. Odur ki, hər zaman qərəzli mövqeyi ilə seçilən Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Sonuncu addımı ilə də Bakı bir daha göstərdi ki, rəsmi Parisin təmsil olunduğu platformada iştirak etməyəcək.

Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçtərəfli formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Çünki əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa Birliyinin rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Amma məhz Fransa Prezidenti Emmanuel Makron masaya oturduqdan sonra Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Əgər Yelisey Sarayı prosesdən uzaqlaşdırılarsa, Azərbaycan qərb formatında da görüşləri nəzərdən keçirə bilər.

Yekunda onu da qeyd etmək lazımdır ki, Bakı sülhün imzalanmasında maraqlı olduğundan, İrəvandan fərqli olaraq konkret nəticələrə xidmət edən görüşlərdə iştirakda maraqlıdır. Paşinyan Qranada görüşündən daha çox Ermənistan daxilindəki siyasi məqsədləri üçün istifadə etmək niyyətində idi. Amma Ermənistanın və onun havadarlarının növbəti hiyləgər planları Bakı tərəfindən iflasa uğradıldı. İlham Əliyev əsl qalib Prezident yanaşması sərgilədi. Çünki güclü və uğurlu liderlər məqbul bilmədiyi heç bir prosesə qoşulmur, arzulamadığı tərəflərlə bir masa arxasında oturmur. Bu, dövlət başçımızın qərarı fonunda bir daha sübut edildi.

Jalə QASIMZADƏ,

"Respublika".