Sabitlik regionun gələcək inkişafı üçün vacibdir
Siyasət

Sabitlik regionun gələcək inkişafı üçün vacibdir

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf,  qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir”.  Bu  fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.  Ölkə başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların  münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.  Qalib Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı,  sözü Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır.  Bu baxımdan,  dövlət başçımızın  Emmanuel Makronla telefon danışığı da böyük əhəmiyyət kəsb edir.

Fransa Prezidenti Emmanuel Makronun  Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini mediada  müxtəlif münasibətlər bildirilməklə ən çox müzakirə və təhlil  olunan xəbər kimi qeyd etmək lazımdır. Siyasi ekspertlər   bu zəngin məhz indi baş tutmasını bir neçə səbəblə izah edirlər. Fransa Prezidenti Emmanuel Makronun televiziyaya verdiyi son müsahibəsində qatı ermənipərəst mövqedən çıxış etməsi Azərbaycan-Fransa münasibətlərinə zərbə vurub.  Belə ki,  bununla vasitəçilik imkanlarını minimuma endirən  Fransanın tərəfsizliyini ermənilərin xeyrinə pozmasına baxmayaraq,  Makron Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasından  imtina etmək istəmir.  O,  böyük ehtimalla İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışından narahat olub. Azərbaycan Prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1, 5 milyon əlcəzairlinin qətlə yetirildiyini bildirmişdir.  Prezident İlham Əliyev telefon danışığında   Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində qərəzsiz yanaşma vacibdir,  deməklə Makrona da ciddi mesajını çatdırmış oldu.

Qeyd edək ki,  noyabrın 12-də  Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan,  Ermənistan,  Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə gəlincə,  qeyd etmək lazımdır ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımlar atmağa hazır olduğunu bütün danışıqlar prosesində bəyan etməsinə baxmayaraq,  təəssüf ki,  Ermənistan hələ də reallıqları  düzgün dəyərləndirməyə səy göstərmir,  münasibətlərin normallaşdırılmasında qeyri-konstruktiv yanaşma sərgiləyir.  Gah Rusiyadan,  gah da Qərbdən dəstək gözləməklə nəyəsə nail olmağa çalışır. Son vaxtlar böyük rezonans yaradan,  cəmiyyətdə birmənalı qarşılanmayan Ermənistan-İran yaxınlaşması da bu mənada diqqəti cəlb edir.  Məğlub olaraq kapitulyasiya aktına imza atan bir ölkə kimi daha çox sülh danışıqlarına ehtiyacı olan Ermənistan rəhbərliyi hələ də revanşist qüvvələrin təsiri və təzyiqi üzündən təklif olunan danışıqlar prosesinə adekvat cavab verməyib.

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.  Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə,  sülh sazişinin bir neçə variantı var.  “Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar.  Azərbaycanın bu yolla getməsi məqbuldursa,  o zaman problem həll oluna bilər”. “Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki,  sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”,  - deyə o bildirib.

Görünən odur ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın  sülh razılaşmasını ləngitməkdən başqa niyyəti yoxdur. Amma Azərbaycan Ermənistan tərəfdən danışıqların imitasiyası ilə bağlı vəziyyətin davam etməsini istəmir.  Qalib ölkə olmasına baxmayaraq,  münasibətlərin tezliklə normallaşdırılmasına ciddi yanaşır,  qətiyyətli mövqe bildirir.  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanması üçün 5 prinsip təklif edib.  Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir,  vasitəçilər tərəfindən də qəbul olunur.  Dövlət başçısı  oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə bu məsələni bir daha yada salıb.  Təqdirəlayiq haldır ki,  Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir.  Çünki Rusiya Prezidentinin münasibətlərin normallaşdırılması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir” deməsi buna əsas verir.

Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində istənilən ikitərəfli,  üçtərəfli və dördtərəfli görüş Azərbaycan üçün uğurlu keçir və rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yaratmır.  Bakı həm Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasına,  həm də qalib tərəf kimi yekun müqavilənin Azərbaycanın şərtləri çərçivəsində imzalanmasına nail olacaq.  Ermənistan rəhbərliyi bunu  Prezident İlham Əliyevlə müxtəlif formatlarda keçirilən hər görüşdən sonra daha da anlamaqdadır. Ona görə də,   Ermənistan sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün öz öhdəliklərini yerinə yetirməli və bölgədə vəziyyəti gərginləşdirməkdən çəkinməlidir.  

Mustafa KAMAL,

“Respublika”.