Şağan Reabilitasiya Pansionatında əlillərə keyfiyyətli tibbi xidmət göstərilir
Sosial həyat

Şağan Reabilitasiya Pansionatında əlillərə keyfiyyətli tibbi xidmət göstərilir

Bu yaxınlarda müalicə almaq məqsədilə yol vərəqəsi alıb Şağandakı Reabilitasiya Pansionatına yollandım. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində müharibə və əmək veteranlarına, əlillərə həmişə diqqət və qayğı göstərilmişdir. Hələ keçən əsrin 70-80-ci illərində əmək və müharibə veteranlarının müalicə və reabilitasiyası üçün yeni və müasir tipli xəstəxanalar, reabilitasiya mərkəzləri tikilmiş, avadanlıqlarla təchiz edilmişdir. Onun atalıq qayğısı nəticəsində yüzlərlə əlil, müharibə və əmək veteranı müalicə olunmuş, sağlamlıqlarına qovuşmuşlar. Hər dəfə veteran və əlillərlə görüşlərində onlara dövlətin öz vətəndaşlarına xidmət etdiyini bildirir, onların problemlərini həll etmək üçün göstərişlərini verirdi.

 Bu gün cənab Prezidentin diqqət və qayğısı nəticəsində əlillərin, əmək veteranlarının və digər qrupdan olan insanların təqaüdləri, pensiyaları artırılır.

Aprel ayında Şağan qəsəbəsində yerləşən Sosial Şağan Reabilitasiya Pansionatına müalicə aldım. Müalicə mərkəzinin müdiri Təranə Quliyeva sağlam bir kollektivə başçılıq edir. Kollektiv onun ətrafında sıx birləşərək müalicəyə gələn xəstə əlillərə öz doğmaları kimi baxaraq, onların qayğısını çəkirlər. Xəstələri tibbi yoxlanışdan keçirib təyin olunmuş müalicə kursunu peşəkarlıqla aparırlar. Tibb bacıları Şəlalə, Kəmalə, Şəfiqə, Həqiqət, Vüsalə xanım kimi tibb işçiləri xəstələrə öz doğmaları kimi baxaraq müalicə kurslarını yerinə yetirirlər. Şöbə müdiri Məlahət xanım Cəfərova böyük təcrübəyə malik bir həkimdir. Onun xəstələrə qayğı və həm də individual reabilitasiya metodlar tətbiq etməsi sağlamlığın bərpasına müsbət təsir göstərir.

Xəstəxanada istilik sistemi, işıqlandırma tam yenilənib. Təmirin keyfiyyəti göz qabağındadır. Xəstələrin boş vaxtlarında dincəlib əylənməsi üçün hər şərait yaradılıb. İsti və soyuq su daimidir. Ərzaqla təminat, xəstələrin isti və keyfiyyətli yeməklərlə təminatı yaxşıdır. Əsasən dietik yeməklərə üstünlük verilir. Otaqlar kondisioner, soyuducu, televizor ilə təmin olunmuşdur. Təmiz yataq dəstləri ilə təminat yüksək səviyyədədir. Pansionatda xəstələrin boş vaxtlarının səmərəli keçməsi üçün tez-tez stolüstü oyunlar, yarışlar keçirilir və qaliblər mükafatlandırılır.

Həftədə bir dəfə səyyar konsertlər təşkil olunur. Bu tədbirlər qışda qapalı məkanda, yayda isə açıq meydançalarda keçirilir. Mərkəzin sahəsi çox böyük və əhatəlidir. Xəstələrin gəzib dincəlməsi üçün hər şərait var. Xəstələr burada həqiqətən ürəkdən dincəlib, istirahət edirlər. Həkimlər mənə bu il əl əsasından azad olacaqsan demişdilər, elə də oldu. Müalicələr öz effektini göstərdi və mən əl əsasından və əlil arabasından azad oldum. Pansionatda dərman vasitələri, tibbi təminat baxımından heç bir çatışmazlıq yoxdur. Əsas məsələ xəstələrin həkimlərə, tibb bacılarına inanmasıdır. Təyin edilən idman hərəkətləri, dietaya ciddi əməl etmək xəstələrin şəfa tapmasında mühüm rol oynayır. 4 saylı DOST mərkəzi biz əlillərə xüsusi qayğı ilə yanaşırlar. Direktor müavini İnqilab Fərzəliyev, şöbə müdiri Rauf Cəfərov, Məhəmməd həkim, sektor müdiri Rza, Nurlan və həkimlər peşəkar kadrlardır. Onlara təşəkkür edirik. 12 May Beynəlxalq Tibb Bacısı Günüdür. Bütün tibb bacılarını peşə bayramı münasibətilə təbrik edirik, onlara cansağlığı, gördükləri xeyirxah, müqəddəs bir işdə müvəffəqiyyətlər arzu edirik. İş şəraitinin yaxşı, maddi təminatlarının qənaətbəxş olması tibb bacılarını daha da ruhlandırır. Bütün tibb işçilərinə, kiçik tibb personalına bayramınız mübarək deyib, onlara həyatda xoşbəxtlik diləyirik.

Cənab Prezidentin nəzəri daim sosial müdafiəyə ehtiyacı olan vətəndaşların üzərindədir. Vətən torpaqlarının azad olunması uğrunda həlak olmuş şəhid ailələrinə, qazilərə, o cümlədən əlil və əmək veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Mənimlə bərabər dövlət qayğısından kənarda qalmayan, Pansionatda reabilitasiya kursu keçən bir qrup əlil olmuş insanlardan Turac Babayeva I qrup əlil, Kudinov Oleq I qrup əlil, qazi İslamov Xəyal I qrup əlil, idmançı, Turac xanım qadınlar arasında arabada qaçış növü üzrə 3-cü yerin qalibi, Əskərov İlham I qrup, Həsənov Aftandil II qrup əlil və digərləri də onlara göstərilən tibbi xidmətdən öz razılıqlarını bildirir, sağlamlıqlarının qorunub saxlanılması üçün dövlət tərəfindən yaradılmış şəraitdən məmnunluqlarını ifadə edirlər.

Aydın QƏDİMLİ,

I qrup əlil, əmək veteranı.