Seçicilər xoşbəxt gələcəyə səs verdilər
Sosial həyat

Seçicilər xoşbəxt gələcəyə səs verdilər

7 fevral Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Qədirbilən xalqımız düzgün seçim etməklə bir daha Azərbaycanda demokratiya və insan azadlığının yüksək səviyyədə təmin olunduğunu sübut etdi. Bəllidir ki, istər xaricdə, istərsə də daxildə mövcud olan bəzi qüvvələr növbədənkənar prezident seçkilərinin baş tutacağına şübhə ilə yanaşırdılar. Lakin seçkilərin şəffaf və demokratik, ən innovativ texnologiyaların tətbiqiylə keçirilməsi üçün yaradılan şəraitdən bəhrələnən Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün şübhələrə son qoydu.

Seçkilər günü yerli və xarici müşahidəçilər insanların seçki məntəqələrinə ardı-arası kəsilməyən gəlişinin, hətta bəzi yerlərdə səs vermək üçün növbəyə dayandıqlarının şahidi oldular. İlk dəfə səs verənlərdən ən yaşlı sakinlərədək hər kəs şövq ilə məntəqələrə tələsirdi. Səsvermədə iştirak etmək istəyən hər bir seçiciyə normal şərait yaradıldı. Lazım olan ünvanlara daşınan qutu aparıldı. Səhhətində problem olan bəzi seçicilərin məntəqələrə gəlməsi üçün hətta avtomobillər göndərildi. Bir sözlə, səsvermənin mükəmməl keçirilməsi hamının ürəyincə oldu. İnsanlar öz qəlblərinin səsinə qulaq asaraq ən layiqli namizədə - Azərbaycanın bütövlüyünü və suverenliyini tam bərpa edən, xalqımıza qələbə sevinci yaşadan, verdiyi sözü əməlləriylə sübut edən, hər zaman vətəndaşların yanında olan İlham Əliyevə səs verməklə bir daha dəmir yumruq ətrafında sıx birləşdilər. Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Zəfər seçkisində iştirakından məmnunluğunu ifadə edir. Bu günlərdə bölgələrdə olduq, seçkilərlə bağlı vətəndaşların təəssüratlarını öyrənmək istədik.

Həmsöhbətim, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirdi ki, Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Fevral seçkilərinin 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüzün tam təmin edilməsi şəraitində keçirilməsinin əhəmiyyətindən danışan Ləman Cəlilova əlavə etdi ki, keçmiş köçkünlərin doğma yurdlarında - Xankəndidə, Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Ağdamda, Kəlbəcərdə və azad olunmuş hər yerdə səs verməsi Azərbaycanın hər bir vətəndaşını, xaricdə yaşayan soydaşlarımızı fərəhləndirən tarixi hadisədir: "Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərin qısa xronologiyasından da aydın olur ki, cənab İlham Əliyev həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu siyasi fəaliyyəti, həyata keçirdiyi önəmli islahatları ilə təsdiqlədi. Dövlət başçımızın "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır" sözlərinin həqiqiliyini hər bir ölkə vətəndaşı öz həyatında hiss edir. 30 il davam edən münaqişə ilə bağlı milli maraqlarımıza zidd bütün təhdidlərə siyasi iradəsi, qətiyyəti ilə cavab verən Prezident İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə vədini yerinə yetirdi. Sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Qarabağdakı erməni silahlı dəstələrinin, separatçı ünsürlərin kökü kəsildi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında, Suqovuşanda, Hadrutda - Qarabağın bütün rayon və şəhərlərində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayacaq. Prezident İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi dövründə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Vaxtilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır".

Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov bizimlə söhbətində bildirdi ki, artıq 18 ildir seçici olaraq müxtəlif seçki proseslərində iştirak edir, amma budəfəki seçkidə səs vermək tamamilə fərqli, qürurlu idi. Yarası sağalmış, bütövləşmiş, böyük hədəfləri olan müstəqil, güclü, demokratik Azərbaycanın vətəndaşı kimi səs vermək özgüvən yaradırdı.

Nicat müəllim əlavə edərək deyir: "Baş verənləri sakitcə izlədikcə qədirbilən xalqımızla qürur duyur, köksüm qabarırdı. Az qala bütün dünyanın qarışdığı bir vaxtda sakitlik adasını xatırladan, cəmi bir neçə ay öncə antiterror əməliyyatları ilə düşməndən tamamilə azad olunub, bütövləşən ölkənin vətəndaşı olaraq səsvermədə iştirak ayrı bir hiss idi. Hər kəs vətəninin gələcəyi naminə səs verdi. Nəticələr elan olunanda isə bir daha əmin oldum ki, xalqın gözü tərəzidir, xalq öz liderini sevir, dəstəkləyir, onun ətrafında sıx birləşərək dəmir yumruq əmələ gətirib. İnsanların nəinki seçkilərdə hamılıqla iştirak etməsi, nəticələr elan olunanda küçələrə axışıb bunu toy-bayram etməsi onu göstərdi ki, xalqımız öz liderini dəstəkləyir və onun uğurlarına sevinir. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir gənc kimi fürsətdən yararlanaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə bütün gənclərimiz adından ürəkdən təbrik edir, yalnız səsvermədə səsimizlə deyil, hər zaman onun yanında, ətrafında olduğumuzu qətiyyətli şəkildə bildirirəm".

Vəli VƏLİYEV,

"Respublika".