Sədaqət Vəliyeva: “Seçki prosesində ən müasir texnoloji imkanlardan istifadə olunur”
Siyasət

Sədaqət Vəliyeva: “Seçki prosesində ən müasir texnoloji imkanlardan istifadə olunur”

“Azərbaycanda seçki prosesində ən müasir texnoloji imkanlardan istifadə olunur. Seçici siyahılarının onlayn dərc edilməsi, seçki prosesində rəngsiz mürəkkəbdən istifadə, 1 000 seçki məntəqəsində seçki prosesinin veb-kameralar vasirtəsilə izləmək imkanının yaradılması şəffaflığın təminatı baxımından mühüm əhəmiyyət daşıyır”.

"Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Deputat bildirib ki, müşahidə prosesində çoxsaylı yerli və xarici nümayəndələrin yer alması 7 fevral prezident seçkilərinə olan diqqətin sübutudur.

“Beynəlxalq təşkilatlarla yanaşı xarici KİV nümayəndələrinin də seçki prosesinə böyük maraq göstərdiyinin şahidiyik. Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin KİV nümayəndələrinin bu siyahıda yer alması deyilənləri sübut edir” - deyən S.Vəliyeva onu da əlavə edib ki, 7 fevral seçkisinə seçici marağı da yüksək səviyyədədir.

“Bütün namizədlərə qanunvericilik çərçivəsində sərbəst və aktiv kampaniya aparmağa şərait yaradılıb. Seçki platformalarının seçicilərə çatdırılması üçün media subyektlərində bunu üçün müvafiq olaraq vaxt və yer ayrılıb. Seçkiöncəsi mühiti monitorinq edən QHT-lər namizədlərlə görüşlər keçirirlər və onlar da yaradılmış şəraiti yüksək dəyərləndirirlər”, - deyə deputat əlavə edib.