Səfirliyimizə silahlı hücuma görə rəsmi Tehran məsuliyyət daşıyır
Digər xəbərlər

Səfirliyimizə silahlı hücuma görə rəsmi Tehran məsuliyyət daşıyır

"Biz Azərbaycanın özüyük. Azərbaycan, başın sağ olsun! Azərbaycan səfirliyində baş verən terror aktını pisləyirik!". Bu sözlər Tehran küçələrində dirəklərə yazılmışdı. Üzərində Azərbaycan səfirliyində baş verən terror aktını pisləyən sözlər yazılan vərəqlər həmyerlilərimiz tərəfindən açıq formada bizə dəstək üçün bütün küçələrə yayılmışdı...

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum edən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postundan rahatlıqla keçərək, səfirlik əməkdaşlarına atəş açmış, bu hücum nəticəsində mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuş, iki nəfər mühafizəçi isə yaralanmışdır. Dövlət başçısı, Ali Baş Komandanımız İlham Əliyev hadisə ilə bağlı tvitter hesabında paylaşım etmişdi. "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!". Bununla yanaşı, ölkə başçısı səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdi.

Bunun ardınca Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində paylaşım etmişdi. O, öz paylaşımında qeyd edirdi: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!".

Səfirlik, konsulluq və bu tip başqa diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş "Diplomatik münasibətlər haqqında" Vyana Konvensiyası ilə tənzimlənir. Orada qeyd edilib: "Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər". Qeyd edildiyi kimi, qəbul edən dövlət nümayəndəliyin binalarını hər hansı müdaxilədən, zədələnmədən qorumaq, nümayəndəliyin ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Lakin İran isə bunun məsuliyyətini üzərindən ataraq hadisənin məişət zəminində baş verdiyini deyib.

Digər dövlətlər də acımıza şərik çıxdılar. İlk başsağlığı verən dövlət isə Türkiyə oldu. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: "Biz daim Azərbaycanın yanındayıq", - deyə qeyd edib. O həmçinin bildirib ki, Türkiyənin İrandan gözləntisi Tehranda səfirliyə qarşı hücumun arxasında kimin olduğunu müəyyən edərək bizə bildirməsidir. Türkiyəli nazir həmçinin bildirib: "Parisdə iki hücum oldu. Eynilə Livanda da hücum oldu. Bunlar radikal ermənilərin hücumlarıdır. Həmçinin Londonda bir radikal qrup Azərbaycan səfirliyinə daxil olub və son olaraq İrandakı səfirliyinə qarşı terror aktı baş verib. Biz həmişə deyirik ki, əziz Azərbaycan heç vaxt, heç bir yerdə tək deyil". Hər zaman xoş və pis günlərimizdə yanımızda olan Türkiyə Cümhuriyyəti bu dəfə də dünyaya öz sözünü deməkdən çəkinmədi. Qardaş ölkənin hər fürsətdə bizim birliyimizi dünyaya nümayiş etdirməsi isə anti-Türk ölkələrə gözdağıdır.

Türkiyənin ardınca bir sıra dövlətlər də ölkəmizə başsağlıqları verdilər. Birləşmiş Krallıq, Fransa, İsrail, ABŞ, Ukrayna, Rusiya, Rumıniya dövlətləri öz narahatlıqlarını ifadə etdilər. Onların hər biri terrorçunun dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və bu hadisənin təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Hücum zamanı təhlükəsizlik rəisinin qətlə yetirilməsinin onları dərindən sarsıdıb, kədərləndirdiyini bildiriblər. Bununla yanaşı, ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edilib: "Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq". Digər ölkələr də Azərbaycan Respublikası ilə əlaqə saxlayaraq bu terroru qınadıqlarını bildiriblər.

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum qəbuledilməzdir və Tehran buna görə məsuliyyət daşıyır". Bu sözləri Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili deyib. O, həmçinin qeyd edib ki, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. İranda baş verən bu hadisə ölkədə təhlükəsizliyin olmadığını göstərir. O, vurğulayıb ki, Azərbaycan səfirliyinə hücum edilməsinə İran dövləti şərait yaradıb: "İrandakı atmosferdən xəbərdar olan hər kəs dövlətdən icazəsiz quş tutulmadığını bilir. O ki qaldı səfirliyə hücum edib adam öldürsünlər. Ona görə də mən bu hadisəyə İran dövlətinin zəmin yaratdığını və göz yumduğunu düşünürəm. Hər halda çox iyrənc hücumdur. Səfirlikdə işləyənlərin nə günahı var idi? Bu insanlar İranda qonaqdırlar və onların təhlükəsizliyi qorunmalıdır. Ancaq İran belə etmədi".

Töhfə SƏMƏDOVA,

"Respublika".