Şəhid olmaq arzusu...
CƏMİYYƏT

Şəhid olmaq arzusu...

Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Nisgilimizdir, kədərimizdir, ürək ağrımızdır, həm də qürurumuzdur. Vüqarımızdır, fəxrimizdir, ölməzliyimizdir, örnəyimizdir...

Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində şəhid olan igid oğullarından biri də Kənan Mərdan oğlu Allahverdiyevdir. 10 fevral 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. 2008-ci ildə Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbin birinci sinfinə daxil olub və doqquzillik təhsili bitirib. Hər zaman çalışaraq ailəsinə dəstək olub, ata-anasının, bacı-qardaşının qayğısını çəkib. Arzusu torpaqlarımızın azad olunması uğrunda şəhid olmaq idi... Qəhrəman Kənanın Vətən sevgisi məhz ailəsindən qaynaqlanıb. Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə Birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Kənan 2020-ci ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarnizonunun "N" saylı hərbi hissəsində yerinə yetirib, snayper idi. Vətən müharibəsində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib.

2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə, Suqovuşanda torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə 18 yaşında şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin anası Ruhiyyə xanım: "Oğlum Kənan şəhadəti ilə ata, baba torpağım olan Füzulini mənə bağışladı".

Qardaşı Nicat Kənan haqqında danışır: "Vətəni sevmək imandandır" - deyib peyğəmbərimiz. Qardaşım Vətənini, xalqını, ailəsini çox sevirdi. Yaşca kiçik olsa da, çox böyük idi. Sakit, utancaq təbiətli olsa da, ailə qayğısını çəkməklə kömək etməkdən zövq alardı. Gedib işləyirdi ki, qazanc gətirsin və ailə üzvləri korluq çəkməsinlər. Evin son övladı idi, ərköyün böyümüşdü. Amma sözübütöv oğlan idi, dediyinə də əməl edərdi. Yolda yaşlıların, qadınların dolu zənbillə gəldiyini görəndə tanıdı, tanımadı kömək edərdi. Daim şəhidlərdən danışardı və "Şəhid olacağam" deyərdi. Kənan ən böyük arzusuna çatdı. Şərafətlə, şöhrətlə köçdü cənnət qoxulu qardaşım. Prezident, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, bütün şəhidlərimizin ruhu şad oldu. Mən fəxr edirəm ki, Kənan vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

M.CƏFƏROV,

"Respublika".