Şəki: Qazi və veteranlarla görüş
Region

Şəki: Qazi və veteranlarla görüş

Vətən Müharibəsi qaziləri və veteranları ilə növbəti görüş şəhərin "Yuxarı Karvansaray" mehmanxana kompleksində keçirilib.

Görüşdə şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxış edərək  müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin və onların rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Şəkidə də şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin daim diqqət və qayğı ilə əhatə olunduğunu, onların qaldırdıqları məsələlərin həllinə həssaslıqla yanaşıldığını bildirib.

Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki filialının sədri Məmmədnuru Əzizov şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, Şəki şəhərində bu kateqoriyadan olan insanlara səmimi və qayğıkeş münasibət bəsləndiyini qeyd edib. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB Şəki şöbəsinin sədri Gülnarə Mustafayeva Şəkidə şəhid anaları ilə apardığı işlərdən danışıb, qazilərə tövsiyələrini bildirib və onlara göstərilən hərtərəfli qayğıya görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə qazilər öz problemlərini səsləndiriblər. Qaldırılan məsələlərə aydınlıq gətirilib, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib. Bu cür görüşlərin keçirilməsinin müharibə veteranlarının, qazilərin problemlərinin operativ həlli baxımından vacib olduğu qeyd olunub.

M.NƏRİMANOĞLU,

"Respublika".