Siyasi böhran dərinləşir
Digər xəbərlər

Siyasi böhran dərinləşir

İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun acizliyini göstərdi

Ermənistan hələ İkinci Qarabağ müharibəsinin təsirindən yaxa qurtara bilmir. Müharibədə məğlub olmaqları bir yana, indi 11 min fərarinin qeydə alınması bu ölkədə aktual mövzulardan birinə çevrilib.

"Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur". Bu sözləri Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndində xalqa müraciətində söyləyib.

Dövlət başçısı bundan  xeyli əvvəl Ermənistanda 10 mindən çox fərarinin olduğunu demişdi. Bu fakt ölkənin səlahiyyətli orqanları Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən təsdiqlənib. Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə hazırkı iqtidarı satqın adlandırmasına cavab olaraq Anna Akopyan bildirib ki, müharibə zamanı hərbi komissarlıq döyüşmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər: "Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı".  Anna Akopyan Nikol Paşinyan komandasını satqın adlandıranlara 44 günlük müharibədə 11 min nəfərin fərari olmasını da qeyd edib. Ermənistan parlamentinin müdafiə təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan da fərari sayının 11 mindən çox olmasını istisna etmir. Andranik Koçaryan orduda daha çox problemlərin olduğunu deyib.  Komissiya rəhbəri müharibə zamanı orduya çağırılan şəxslərə təlim keçirilmədən birbaşa döyüş bölgəsinə göndərildiyini qeyd edib.

Ermənistan Baş Prokurorluğunun yaydığı açıqlamada 10 min 687 nəfərə qarşı 1786 cinayət işinin açıldığı, həmçinin 143 şəxs barədə 118 işin  məhkəməyə göndərildiyi bildirilib. Onlardan 64-ü məhkum olunsa da, qalanları ilə bağlı məhkəmə prosesi davam edir.

Hayların "qəhrəman" ordusu Birinci Qarabağ müharibəsində ləyaqətsiz şəkildə müharibə aparmasına nəinki Azərbaycan, bütün dünya şahid olub. Bir tərəfdən Sovet imperiyasından təzəcə ayrılmış ölkəmizin ordu quruculuğunda vahid komandanlığın olmaması, digər tərəfdən hərbi arsenalımızın maddi-texniki bazasının zəif olması bizi Ermənistan qarşısında məğlubiyyətə uğratdı. Əslində, Birinci Qarabağ müharibəsi təkcə Ermənistan-Azərbaycan arasında getmirdi. Bu, ssenarinin görünən tərəfi idiRusiyanın açıq-aşkar dəstəklədiyi  bu münaqişədə, hətta ABŞ kimi hegemon ölkə işğalçıya deyil, işğala məruz qalan tərəfə sanksiya tətbiq etmişdi. Söhbət 907-ci düzəlişdən gedir. Azərbaycanın 30 ilə yaxın iştirak etdiyi danışıqlar prosesinə adekvat cavab verə bilməyən Ermənistan işğal etdiyi əraziləri qaytarmaq əvəzinə, yeni ərazilər uğrunda yeni müharibə çağırışı edirdi. Yekunda münaqişənin həlli üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həll edə bilmədiyi münaqişə dərinləşdi 2020-ci ildə yenidən ermənilər silahları işə saldı. Ali Baş Komandanın xalqa müraciətindən sonra on minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı. Azərbaycanda qismən, düşmən ölkədə isə tam səfərbərlik elan edildi. İkinci Qarabağ müharibəsinin başlandığının ilk günü  Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Bununla da ermənilərin gözlərində böyütdükləri ordusunun hansı bacarığa malik olduğu ilk gündən nəzərə çarpdı.

Azərbaycan ordusunun şücaəti qarşısında tap gətirməyən düşmən ordusunun daxilində getdikcə xaos hökm sürür problemlər ortaya çıxırdı. Məğlub olduqlarını görüb özlərinə aid olmayan torpaqlarda ölmək istəməyən ermənilər komandirləri tərəfindən zorla döyüş bölgəsinə göndərilir yaxud da, cəbhədən qaçmağa cəhd göstərənlər səngərlərə, avtomobillərə zəncirlənərək onların döyüş yerini tərk etmələrinə imkan verilmirdi. Lakin bütün bunlar da məğlubiyyətin qarşısını ala bilməmişdi.

Musa BAĞIRLI,

"Respublika".