Siyasi platformada
Siyasət

Siyasi platformada "boşanma" prosesi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 15 may 1992-ci il tarixində yaradılmış hökumətlərarası hərbi ittifaqdır. Elə həmin il Müstəqil Dövlətlər Birliyinə üzv olan 6 postsovet dövləti - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsini imzaladılar. KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir, hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz. Bununla yanaşı, təşkilata daxil olan dövlətlərdən birinə qarşı yaranan təhlükə üzv olan digər respublikalar tərəfindən də aqresiya kimi qəbul edilir.

Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə hər il müntəzəm olaraq hərbi təlimlər, həmçinin operativ, taktiki və strateji məşqlər təşkil edilir. Əslində nə qədər sadə görünsə də, hərbi təlimlərlə bağlı qoyulan qaydalar ciddi formada tətbiq olunur. Belə ki, Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan ölkədə yerləşdirilməsi üçün mütləq təşkilatın bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır. Elə məsələnin kulminasiya nöqtəsi də məhz buradır. Həmin qayda-qanunu yaxşı əzbərləyə bilməyən Ermənistan artıq öz istədiyi kimi hərəkətlərə cəhd edir.

Hazırda Fransanın hərbi qüvvələri düşmən ölkənin ərazilərində ora-bura gedib gəlir. Əslində bu əks hərəkətlər heç də boşuna deyil. N.Paşinyan hakimiyyəti KTMT-yə oynadığı "tamaşa"nın "vida səhnəsi"ni göstərib. Pərdə qapanmadan öncə də təşkilatdakı üzvlüyünü donduraraq tamaşaçıları "şoka salmaq" istəyib.  Yavaş-yavaş ayrılıq vaxtının çatdığını bildirmək istəyən haylar əllərindən gələni ediblər ki, tez bir zamanda öz təzə sevdalarına - Qərbə qovuşsunlar. Lakin təşkilatın üzvlüyündən çıxmaq heç də sadə məsələ deyil. Bunun üçün 12 il geriyə kifayət edir. 2012-ci ilin iyununda Özbəkistan KTMT-dən çıxmaq barədə fikir bildirəndə ertəsi gün təşkilatın nümayəndəsi qeyd edib ki, heç bir ölkə onu dərhal tərk edə bilməz. Çünki bunun üçün nizamnaməyə uyğun olaraq altı ay əvvəl xəbərdarlıq tələb olunur və nizamnamədə "dondurulmaq" termini yoxdur. Yalnız idarəetmə şurası iştirakçı ölkə üçün cəza olaraq belə bir qərar qəbul etdikdə üzvlük dərhal dayandırıla bilər. Necə deyərlər, qoy Ermənistan saydığını saysın, gör Rusiya nə sayır. Elə də oldu.

Rəsmi Moskva bəyanat yayıb ki, Ermənistanın özbaşına KTMT-də fəaliyyəti dondurduğuna dair bəyanatı alyansın nizamnaməsinə ziddir. Həm də təşkilatdan çıxmaq məsələsi təkcə Ermənistan parlamentinin qərarı ilə həll olunmur. Müvafiq nizamnaməyə əsasən üzv dövlətin təşkilatdan çıxmasının hüquqi prosedurları yerinə yetirilməlidir. Həmçinin bura dövlətin çıxma, çıxarılma və ya fəaliyyətinin dayandırılması kimi maddələr də daxildir. Nizamnaməyə görə, hər bir ölkənin üzvlükdən çıxmaq hüququ var. Lakin qeyd etdiyimiz kimi, üzv dövlət çıxmaqla bağlı ən azı altı ay əvvəl bildiriş göndərməlidir. Bundan sonra KTMT-nin ali orqanı olan Şurada səsvermə baş tutur. Belə olduqda üzvlükdən çıxmaq istəyən ölkənin səsi isə nəzərə alınmır. Yəni, sözün əsl mənasında, Ermənistanın üzvlükdən çıxmaq sevdası Şurada təmsil olunan ölkələrin əlindədir. İstəsələr əleyhinə də səs verə bilərlər. Belə olduğu təqdirdə, Ermənistan məcburən KTMT-də qalmalıdır. Bundan başqa, rəsmi İrəvan təşkilatı tərk etməzdən öncə bir sıra hüquqi-normativ aktlara, həmçinin hərbi doktrinasına və milli təhlükəsizlik strategiyasına dəyişiklik etməlidir. Lakin bununla da məsələ bitmir. Paşinyan Ermənistana bloklara qoşulmayan neytral dövlət statusu qazandırmalı və milli təhlükəsizliyinin hüquqi bazasını formalaşdırmalıdır.

Əslində pafoslu sözlərlə cümlə qurmaq nə qədər asan olsa da, təşkilatdan çıxmaq prosesi olduqca çətin və ciddi məsələdir. Bu da el dilində desək, bir az "boşanma"ğa bənzəyir. Qarşılıqlı formada ayrılmaq alınmayanda məsələ mübahisəli boşanmaya çevrilir. Mübahisəli "boşanma" məsələlərində tərəflər razılaşa bilməyəndə həllə nail olmaq üçün iddia qaldırılır. Bəzən proses aylar, hətta illər boyu davam edə bilər. Bəzən məhkəmə tərəflərin qarşılıqlı olaraq danışıb, problemi həll etmələri üçün vaxt da verir. 32 illik "yoldaşından" ayrılmaq istəyən Ermənistanın taleyini isə digər "ailə üzvləri" həll edəcək. Bu məhkəmənin nə qədər davam edəcəyini isə zaman göstərəcək. Qeyd etmək yerinə düşər ki, hər iki mənada ayrılma hallarında tərəflər ciddi zərər görürlər.

Töhfə SƏMƏDOVA,

"Respublika".