Son dayanacağı olmayan həyat problemləri
Sosial həyat

Son dayanacağı olmayan həyat problemləri

18 dekabr Beynəlxalq Miqrant Günüdür. Belə ki, 1990-cı il dekabrın 18-də BMT-nin Baş Assambleyasında bütün miqrant işçilərin və ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiya qəbul edilib. 2000-ci ildən etibarən isə 18 dekabr tarixi Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Azərbaycan bu konvensiyaya 1998-ci ildən qoşulub. İlk Beynəlxalq Miqrantlar Günü tədbirləri Filippinin paytaxtı Maniladakı BMT binasında yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşların nümayəndələri tərəfindən keçirilib.

2004-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilib. Bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilib.

Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilən səlahiyyətləri həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi kimi məsələlər daxildir. Eyni zamanda qurum ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir, bu orqanların işini əlaqələndirir.

Miqrasiya məsələsində demoqrafik göstəriciləri anlamaq vəziyyətin nə dərəcədə ciddi olduğunu deməyə əsas verir. Hazırkı qlobal hesablamaya görə, 2020-ci ildə dünyada təxminən 281 milyon beynəlxalq miqrant olub ki, bu da dünya əhalisinin 3,6 faizinə bərabərdir. 2020-ci ildə doğulduğu ölkədən başqa bir ölkədə yaşayan təxminən 281 milyon insanın sayı 1990-cı ildəkindən 128 milyon nəfər və 1970-ci ildəki təxmini sayından üç dəfə çoxdur. Statistikaya əsasən dünyada ən çox miqrantın olduğu ölkə ABŞ-dır ki, bu say 45 milyonu keçib. Qərb ölkələri və Səudiyyə Ərəbistanı növbəti pillələrdə yer alır.

Ölkəmizdə 2022-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 121138 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və qərarlar qəbul edilib. Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 314329 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 19480 qərar qəbul edilib.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirməyə nail olub. Sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Bu baxımdan, Azərbaycan həmin dövrdə miqrasiya sahəsində region və postsovet ölkələri üçün nümunə oldu. Siyasi ideoloji xətt ucbatından bir çox azsaylı xalqların məcburi deportasiyası sovet dönəmində kəskin hal almışdı. İlk dövrlərdə deportasiya olunaraq Gürcüstana, oradan da Orta Asiya Respublikalarına köçürülən məshəti türkləri 1989-cu ildə Azərbaycana pənah gətirdi. 1989-1991-ci illər arasında onların sayı 51 649 nəfər təşkil edirdi.

Həmin dövrdə miqrasiya sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər, miqrasiyanın idarə olunması ilə bağlı milli strategiyanın müəyyənləşdirilməsi miqrantlara olan qayğının təzahürüdür. Hazırda ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti dövlətin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli münbit şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib.

İnsanlar yaşamaq və işləmək üçün daima bir yerdən digər yerə köçməsi prosesi ildən-ilə geniş miqyas alır. Yer kürəsini bürüməkdə olan iqtisadi böhran, maliyyə defoltları və təbii kataklizmlər onsuz da acınacaqlı vəziyyətdə olan miqrantları böyük çətinliklərlə üz-üzə qoyur. Müxtəlif sahələrdə müşahidə edilən böhran onları məhrumiyyət, stiqma, ayrı-seçkilik və təhqir kimi risklərlə qarşılaşdırır. Bir tərəfdən sadalanan problemlər, digər tərəfdən miqrasiya siyasətində artmaqda olan çətinliklər miqrantları çıxılmaz vəziyyətə salır. Bu məqamda ön plana çıxan digər vacib məsələlərdən biri də bu kateqoriyadan olan insanların təhlükəsizliyidir. Azərbaycanda həyata keçirilən miqrasiya siyasətinin də dərin və kompleks şəkildə icra olunması həyati əhəmiyyətli məsələdir. Bu baxımdan, ölkəmiz daima miqrant məsələsində adekvat tədbirlər görür.

Tacir SADIQOV,

"Respublika".