Tamaşaçıları ovsunlayan istedadlı sənətkar
Mədəniyyət

Tamaşaçıları ovsunlayan istedadlı sənətkar

- "Nolub Ağabala? Niyə məni çağırmısan?",

- "Onu bil ki, Zəhra xala! Mən bu klubun direktoruyam! Siz isə burada kassirşasınız!"

- "Yaxşı, qışqırma, qışqırma".

- "Xala, əgər sən bir də mənim sözümü kəsib, intizamı pozsan, sənə töhmət elan edərəm".

- "Sən bu sözləri Gülzar xalana da demisən".

- "Klubda xala çoxdur, bacıoğ

lu isə bir dənədir".

"Bəxtiyar" filmindəki klub müdiri Ağabala obrazı yəqin ki, hər birimizin yaddaşındadır. Filmin əsas rollarından birini, Ağabala Hüseynovu canlandıran aktyor Ağasadıq Gəraybəylidir. Özünü incəsənətdə "köhnə" adlandıran Ağabala Hüseynov obrazı olmasa, bəlkə də bu film bu qədər çox sevilməzdi. Aktyor bu obrazın fırıldaqçı, fitnəkar və yaltaq olduğunu çox təbii oynayır. Ağasadıq Gəraybəyli onu o qədər təbii canlandırıb ki, tamaşaçılara bu mənfi obrazı belə sevdirməyi bacarıb. Əlbəttə ki, bu, aktyorun peşəkarlığını göstərir.

Azərbaycanın tarixi və milli-mədəni ənənələri çox zəngindir. Bu diyarda yetişən görkəmli şəxsiyyətlər arasında öz istedadı ilə seçilən bir ad da var: Ağasadıq Ağaəli oğlu Gəraybəyli. O, 15 mart 1897-ci ildə Şamaxı qəzasında, indiki İsmayıllı rayonunun Gəraybəyli kəndində anadan olub. Azərbaycan incəsənətinə verdiyi töhfələr və mədəniyyətimizin qorunub saxlanmasında fədakarlığı ilə tanınan aktyorun yaradıcılığı bu gün də gənc nəsillər üçün örnəkdir.

Atasını erkən yaşda itirən Ağasadıq Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Aktyor o günləri xatırlayarkən deyirdi: "Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim... Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?". Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm".

Görkəmli aktyor məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub, Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin dəstəyilə "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. Onun fitri istedadı və sənətə olan həvəsi tezliklə üzə çıxıb və Azərbaycan kinosunun korifeyi kimi fərqlənəcək aktyorluğa sövq edib. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayan Ağasadıq daha sonra Üzeyir Hacıbəyovun köməyilə teatr kursuna yazılıb. O, 200 müxtəlif rollarda, qrimlərdə və qiyafələrdə səhnədə çıxış edib. Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəyli teatrla paralel kinoda da bir-birindən maraqlı obrazlar yaradıb. Ölkəmizin kino salnaməsində Ağasadıq Gəraybəyli kimi az aktyor var. Qeyri-adi istedadı, çoxşaxəliliyi və sənətinə sadiqliyi ilə tanınan aktyor Azərbaycanda qüdrətli bir sima kimi dayanır. O, kino tariximizdə silinməz iz qoyub. Aktyor kino aləminə hələ 1920-ci illərdə gəlib, ilk dəfə "Qız qalası" səssiz filmində epizodik, sonralar "Hacı Qara"da Əsgər bəy rolunu canlandırıb. Cəfər Cabbarlı "Sevil" filmində Balaş rolunu məhz ona həvalə edib.

O, oynadığı hər bir rola yeni nəfəs verib. İstər tarixi şəxsiyyətlərin, istər məişət qəhrəmanlarının bənzərsiz nümunələrini yaradıb. A.Gəraybəylinin ifası daim orijinallığı və dərinliyi ilə seçilib. Öz fəaliyyəti ilə Azərbaycan kinosunun yüksəlməsinə xidmət edib. Xalqın yaddaşında canlandırdığı rollarla həkk olunan, silinməz iz qoyan Ağasadıq Gəraybəylinin fəaliyyəti yüksək qiymətləndirilib. Aktyor bir çox mükafata, həmçinin 1940-cı ildə "Azərbaycan SSR-in xalq artisti" fəxri adına layiq görülüb. O, 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayan A.Gəraybəyli, burada Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu olub. O, 1988-ci ilin dekabr ayında Bakıda vəfat edib.

 "Bəxtiyar" filmi ilə başladıq, elə onunla da böyük sənətkarın xatirəsinə ehtiram əlaməti olaraq bildiririk ki, "yox canım, hələ proqramımız davam edir. Klubun fəalları Hüseynova bacıları bu saat öz məharətlərini göstərəcəklər", Ağasadıq Gərəbəylinin canlandırdığı Ağabala obrazının dediyi kimi, hələ proqram davam edir. Onun yaratdığı obrazlar öz aktuallığını qoruyub saxlayır. Aktyorun kino tarixində qoyduğu iz, mədəni miras bənzərsizdir, yaratdığı obrazlar bu gün də tamaşaçıları ovsunlamağa davam edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".