Nizami Gəncəvinin zəngin irsi bu gün də tədqiq olunur
Mədəniyyət

Nizami Gəncəvinin zəngin irsi bu gün də tədqiq olunur

Gənc alim Türkiyədə keçirilən beynəlxalq simpoziumda xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi dahi mütəfəkkir haqqında geniş məruzə ilə çıxış etmişdir

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov Türkiyədə keçirilən "İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi II"  Simpoziumunda iştirak etmiş və "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində birgəyaşayış, tolerantlıq və insan konsepsiyası" mövzusunda məruzə etmişdir.

Simpozium Kırıkkale Universitetinin İslam Elmləri Fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Kalicaga Yogyakarta Dövlət İslam Universiteti və Azərbaycan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 2-7 oktyabr tarixləri arasında Türkiyənin Kırıkkale şəhərində təşkil edilmişdir.

14 ölkədən 100-dən artıq alimin iştirak etdiyi simpoziumda  Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dos. Aqil Şirinov Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov, Mənəvi dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov və b. iştirak etmişlər.

Əlimuxtar Muxtarov məruzəsində Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi dahi mütəfəkkir  Nizami Gəncəvinin əsərlərində təbliğ və təsvir edilən tolerantlığın, birgəyaşayışın, multikultural ənənələrin xalqımızın tarixi keçmişindən süzülüb gəldiyini və bu ideyaların bu gün də  Azərbaycan cəmiyyətində birgə yaşayan müxtəlif xalqların  həyat tərzi olduğunu vurğulamışdır.

Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi ilə bağlı  həyata keçirilən tədbirlərdən söz açan alim qonaqların nəzərinə çatdırmışdır ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Qeyd olunmuşdur ki,  mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmiş, 2021-ci il isə Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" kimi qeyd edilmişdir.

"Respublika".