Tarixi köklərə bağlı dostluq və qardaşlıq
Türk dünyası

Tarixi köklərə bağlı dostluq və qardaşlıq

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə söykənir. Soyumuz, kökümüz, ortaq mədəniyyətimiz, tariximiz eyni kökdən qaynaqlanır. Hər iki ölkə arasında əlaqələr bütün dövrlərdə qardaş, dost münasibətləri üzərində qurulub.

Dövlətlərimiz arasında diplomatik münasibətlərin əsası 1995-ci il oktyabrın 2-də qoyulub. Sovet hakimiyyətinin dağılmasından sonra hər iki dövlət müstəqilliklərini bərpa edib. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Həmin dövrdə Özbəkistanın o vaxtkı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edib. 1997-ci ildə Azərbaycan Prezidentinin yenidən Özbəkistana səfəri hər iki dövlətin münasibətlərində yeni mərhələyə yol açıb. Səfər zamanı rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb. Həmin səfərlərlə də Azərbaycan-Özbəkistan münasibətlərinin özülü, bünövrəsi daha möhkəm dayaqlar üzərində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ilk dövlət səfəri 2004-cü il mart ayının 23-24-də olub. Səfər zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Özbəkistan Azərbaycana olan dost, qardaş münasibətini hər zaman sözdə deyil, əməldə yerinə yetirib. Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Bu, Özbəkistanın Azərbaycana sadiqliyinin bariz göstəricisi və əsl qardaşlıq nümunəsidir. Ümumiyyətlə, Özbəkistan Qarabağ münaqişəsinin həlli istiqamətində hər zaman ədalət prinsipini üstün tutaraq Azərbaycanın yanında olub. Bu ölkənin hələ də Ermənistanda səfirliyi fəaliyyət göstərmir. Əlbəttə ki, biz dost olaraq hər zaman bir-birimizin çətin günündə yardımçı olmuşuq. İkinci Qarabağ müharibəsi zamanı da Özbəkistan qardaş ölkə kimi bizə mənəvi dəstəyini göstərdi. Sözsüz ki, bu münasibətlər, əlaqələr bizi daha da doğmalaşdırıb.

Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bir dost, qardaş gəlişi idi. Doğma millətlərin, xalqların bir-birinə həmrəyliyini, dəstəyini ifadə edirdi. Avqustun 23-də isə prezidentlər Füzulidə olublar. Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Qarabağa səfər edən ikinci dövlət başçısı Şavkat Mirziyoyevdir. Özbəkistan Prezidentinin Azərbaycana səfəri dost, qardaş gəlişi ilə bərabər, həm də bu dostluğun bir növ əməli nəticələrinə baxış idi. Hələ İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən sonra, Qarabağın bərpası işində Azərbaycana qardaş əlini uzadıb, yardım etmək istəyən ilk dövlətlərdən biri də Özbəkistan oldu. Dövlət başçısı Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə olaraq məktəb tikmək təşəbbüsü ilə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü çox gözəl qiymətləndirib. Həmin gündən də Özbəkistanın maliyyə dəstəyi ilə məktəb tikintisinə başlanıldı. Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Ürək sözlərini bildirən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz çıxışında bunları demişdir: "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır". Bu sözlərin təsdiqi olan məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Füzuli səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Qarabağın incisi Şuşaya səfər ediblər. Əvvəlcə Saatlı məscidində olan prezidentlər və birinci xanımlar, Heydər Əliyev Fondu tərəfindən Şuşada bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" mövzusunda sərgi ilə tanış olublar. Özbəkistan Prezidentinin Şuşa səfəri də olduqca maraqlı keçib. 44 günlük Vətən müharibəsindən sonra Şuşada görülən yenidənqurma və bərpa işləri ilə tanış olan Şavkat Mirziyoyev və xanımı həmçinin, erməni terroruna məruz qalmış bir sıra bina və tarixi-mədəni abidələrlə də tanış olublar.

Özbəkistan Prezidentinin Qarabağa səfəri Füzuli və Şuşa şəhəri ilə yekunlaşsa da, olduqca maraqlı və əhatəli olmuşdur. Səfərin sonunda isə dövlət başçıları və xanımları Cıdır düzündə olublar.

Ramidə YAQUBQIZI,

"Respublika".