Milli Kəşfiyyat Təşkilatının yaranmasından 97 il ötür
Türk dünyası

Milli Kəşfiyyat Təşkilatının yaranmasından 97 il ötür

Türkiyə

Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) yaranmasının 97-ci ildönümü qeyd edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  keçirilən tədbirdə çıxış edən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın hazırda dünyanın qlobal güc balansından uzaqlaşdığını, təşkilatın özünü bu qeyri-müəyyənlik və hibrid təhlükələr dövrünə hazırlaması üçün daim yeni imkanlar inkişaf etdirdiyini vurğulayıb. Son dörd ildə yaşanan böhranlara toxunan İ.Kalın bunu qlobal qırılmaların getdikcə daha dərin və dağıdıcı xarakter almasının göstəricisi kimi qiymətləndirib. MİT rəhbəri Türkiyəni kəşfiyyat nəzəriyyəsində söz sahibi olan ölkəyə çevirmək üçün, Milli Kəşfiyyat Akademiyasının qurulduğunu da bildirib.

Tədbirdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadi, siyasi və hərbi baxımdan qlobal güc rəqabətinin mərkəzində olan bir bölgədə yerləşdiyini qeyd edərək deyib: “Bəşəriyyətin gündəmini zəbt edən böhranların böyük əksəriyyəti ölkəmizin bilavasitə yaxınlığında baş verir. Biz, sözün həqiqi mənasında, od halqası ilə əhatə olunduğumuz halda həm ölkəmizi genişləndirmək, həm də dövlətimizin təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Qeyri-müəyyənliyin artdığı bu dövrdə ölkəmiz iqtisadi, hərbi, diplomatik və kəşfiyyat sahələrində qazandığı uğurlarla öz sözünü deməyə başlayıb. Bu məqamda demək olar ki, hər kəs bu həqiqəti qəbul edir”.

Son zamanlar Türkiyəyə qarşı casusluq hallarının çoxaldığını vurğulayan R.T.Ərdoğan deyib ki, cəhdlər çoxdur, amma Milli Kəşfiyyat Təşkilatının peşəkarlığı sayəsində, bu cəhdlərin hər birinin qarşısı vaxtında alınıb və alınmağa davam edəcək.

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.