Türkiyə və Azərbaycan birlikdə yeni zirvələr fəth edəcək
Türk dünyası

Türkiyə və Azərbaycan birlikdə yeni zirvələr fəth edəcək

Öz gücü və qüdrəti ilə dünyanın lider dövlətləri arasında yer alan  Türkiyə bu gün texnologiya sahəsində böyük uğurlara imza atır. 2018-ci ildən başlayaraq hər il keçirilən "TEKNOFEST" festivalı bunun əyani nümayişidir. Festival ildən-ilə genişlənir və iştirakçılarının sayı artır. Əgər 2018-ci ildə "TEKNOFEST"də 4 min 333 komanda, 20 min iştirakçı var idisə, bu il artıq komandaların sayı 333 mini, iştirakçıların sayı isə 1 milyonu ötüb.

Builki möhtəşəm və əlamətdar "TEKNOFEST"ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevi dəvət etməsi sarsılmaz qardaşlığın daha bir təsdiqidir. Bu, bir daha göstərir ki, dar gündə olduğu kimi, şad gündə də iki qardaş daim bir yerdədir.  Prezidenti İlham Əliyevin İstanbula səfəri və türk xalqının onu qonaqpərvərliklə qarşılaması,  yaddaqalan məqamlardan biri oldu.  Bununla yanaşı, festivalda yaxın gələcəkdə Azərbaycanda  Bayraqdar Mərkəzinin yaradılacağının, "KIZILELMA" pilotsuz zərbə təyyarələrinin Azərbaycanın  hava məkanında görünəcəyinin, "Togg" elektromobillərinin kütləvi alışının təşkil ediləcəyinin anonsu verildi. Bu anonslar daşıdıqları informasiyalarla yanaşı, ehtiva etdikləri mesajlar baxımından da çox önəmlidirlər. "KIZILELMA" əslində pilotsuz idarə olunan reaktiv qırıcı təyyarə funksiyasını yerinə yetirir və hava məkanının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.  Festivalda Prezident İlham Əliyev "havada "KIZILELMA", dənizdə "Anadolu", quruda "Altay" və "Togg" olacaq" fikrini səsləndirməklə bütün dünyaya mesaj verdi ki, Azərbaycanla Türkiyə arasında hərbi, siyasi, iqtisadi müttəfiqlik daha yüksək səviyyəyə çatdırılacaq.

Bu fikirləri açıqlamasında  siyasi ekspert Yavuz Güngör Aslan bildirib. O deyib: "Dövlət başçılarının festivalın keçirildiyi məkana Prezident İlham Əliyevin idarə etdiyi Türkiyə istehsalı olan "Togg" elektromobilində gəlmələri diqqəti cəlb edən məqam oldu. Bu, çox mühüm bir mesajdır. Hər iki ölkənin liderləri festivalda birlikdə addımladı, iştirakçılar tərəfindən böyük coşqu, alqışlarla qarşılandılar. Bu gün dünya xəritəsində həm güclü Türkiyə, həm də güclü Azərbaycan var. Sözsüz ki, bu nailiyyətlərin memarları Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevdir. Onlar fəaliyyətləri ərzində yalnız xalqları və dövlətləri naminə çalışıblar və bunun nəticələri hazırda göz qabağındadır.  Azərbaycan Prezidenti öz nitqində 44 günlük Vətən müharibəsində dəstəyə görə Türkiyəyə, Prezident Ərdoğana təşəkkürünü bildirdi. Bu, əhəmiyyətlidir. Digər tərəfdən o, bizim münasibətləri qardaşlıq səviyyəsindən müttəfiqliyə yüksəldən Şuşa Bəyannaməsini xüsusi vurğuladı və bildirdi ki, Azərbaycan və Türkiyə həm müdafiə sənayesi məsələlərində, həm də müdafiə qabiliyyətinin möhkəmləndirilməsində birlikdə hərəkət edəcək. Bu kontekstdə onun bəyanatının yaxın vaxtlarda "KIZILELMA"nın Azərbaycan səmasında uçacağı ilə bağlı ümidin ifadə olunduğu məqamı xüsusi qeyd etmək lazımdır".

Şuşa Bəyannaməsindən bəhs edən  Yavuz Güngör Aslan bildirib ki, bu gün bütün regional və qlobal aktorlara növbəti dəfə bu sənədin təkcə Türkiyə və Azərbaycan arasında deyil, həm də Türk dünyası hüdudlarında qardaşlıq münasibətlərinin inkişafını təmin edəcəyi, eyni zamanda Cənubi Qafqazda təhlükəsizliyin təminatı olacağı mesajı verildi. Siyasi ekspert  hesab edir ki,  regionda yanlış planlar quran, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqla barışmaq istəməyən və bütün vasitələrlə onlara məhəl qoymayan bəzi qüvvələr bunun üzərində  ciddi şəkildə düşünməlidirlər.

Yavuz Güngör Aslan  festivalın  əlamətdar hadisələri arasında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün Azərbaycan şəhərciyinin təməlinin qoyulması barədə bəyanatını qeyd edib. Siyasi ekspert  deyib: "Mən onu Azərbaycan rayonu adlandırardım, belə ki, burada yaşayış binaları ilə yanaşı, məscid, məktəb, uşaq bağçası və başqa infrastruktur obyektləri tikiləcək. Tikinti işlərinin bir il çəkəcəyi gözlənilir, bu, belə böyük layihə üçün yetərincə qısa müddətdir. Bütün bunlar çoxəsrlik tarixi ənənələrə söykənən Türkiyə-Azərbaycan qardaşlığının nümunəvi olmasından xəbər verir. Bu gün böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" tezislərinə Prezident İlham Əliyevin "Bir yumruq" mesajı da əlavə olundu ki, dost da, düşmən də bu mesajdan lazımi nəticə çıxarmalıdır. Bu şüar yüzilliklər boyu aktual olub. Bizim xalqların üzərinə onu bütün sahələrdə həyata keçirmək missiyası və bu hədəfi irəli aparmaq vəzifəsi düşür".

''Türk dünyasının qürur mənbəyinə çevrilən Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək. Bu, həm də beynəlxalq dairələrə bir mesajdır. Türkiyənin istehsal etdiyi  texnologiyaları həm də Azərbaycana təqdim etməsi məsələsinə diqqət yetirsək, görərik ki, "KIZILELMA"nın, "AKINCI"nın və bu sahədəki uğurlardan Azərbaycan da  bəhrələnə biləcək. Bütün sınaqları bitdikdən sonra  2023-cü ilin sonunadək  "KIZILELMA"nı biz yəqin ki, Azərbaycan səmalarında da görə bilərik", - deyib Yavuz Güngör Aslan.

Onu da qeyd edək ki, "Baykar" şirkəti bir sıra sahələrdə böyük texnoloji yeniliklərə imza atıb. "KIZILELMA", "ALTAY", "TOGG" , "TCG Anadolu" Türkiyənin uğurlu layihələri kimi bu günün və gələcəyin texnologiyalarıdır.

Türkiyənin texnoloji imkanları Azərbaycan üçün də yeni fürsətlər yaradır və böyük əhəmiyyətə malikdir. Bu baxımdan da dövlətimizin başçısının Türkiyəyə səfəri iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəyə çatmasına yol açır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.