TƏRTƏRİN TƏMİZLİYİ DİQQƏTDƏ SAXLANILIR
Region

TƏRTƏRİN TƏMİZLİYİ DİQQƏTDƏ SAXLANILIR

Mənfur düşmən torpaqlarımızı otuz ilə yaxın işğalda saxlayarkən Tərtər rayonu daim atəşə məruz qalmışdır. 44 günlük Vətən müharibəsi zamanı azğınlaşmış ermənilər döyüş meydanından aralıda yerləşən bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Tərtərin rayon mərkəzini, eləcə də digər kəndlərini istifadəsi qadağan olunmuş raketlərdən, ağır artilleriyadan və başqa iriçaplı silahlardan fasiləsiz olaraq atəşə məruz qoymuşlar. Bu zaman Tərtər rayonuna külli miqdarda maddi ziyan dəydi. İctimai binalar, şəxsi evlər, yollar, ticarət obyektləri və başqa yerlər darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Müzəffər Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatı həyata keçirərək 44 gün ərzində düşməni məhv etdi və torpaqlarımızı yağı düşməndən azad etdi.

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə müharibə vaxtı zərərçəkmiş yaşayış məntəqələrində, o cümlədən Tərtərdə tikinti-quruculuq və bərpa işlərinə start verildi. İndi müharibə dövründəki acınacaqlı vəziyyətdən heç bir əsər-əlamət qalmamışdır. Tərtər müasir şəhərlərdən birinə çevrilmiş, rayonda həyat əvvəlki tək davam edir.

Şəhərdə digər xidmət sahələri ilə yanaşı, ən vacib sahələrdən biri də şəhərin təmizliyidir. Tərtər Kommunal Təsərrüfat İdarəsinin rəisi Saleh Qəhrəmanovla söhbət zamanı bildirdi ki, idarə şəhərin təmizliyini həyata keçirir, eyni zamanda gecə işıqlanmasına nəzarət edir və ərazidə yaşıllıqlara qulluq edir. İdarənin 57 nəfər işçisi var. Bununla yanaşı, DOST MMC xətti ilə 325 nəfər şəhərin təmizlik işlərinə cəlb olunmuşdur. Kommunal təsərrüfat idarəsində işlək vəziyyətdə olan 10 ədəd texnika mövcuddur.

İdarə rəhbəri texnika və zibil qutularına ehtiyac olduğunu vurğuladı. Bütün çətinliklərə baxmayaraq, şəhərin təmizliyinə xüsusi nəzarət olunur. Vətən müharibəsi zamanı məişət tullantısı qutuları tank və digər texnikaların altında qalaraq yararsız hala düşmüşdür.

Qeyd etmək lazımdır ki, bu çətin işlə məşğul olanlar müharibə dövründə də qorxmadan, çəkinmədən üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişlər. Elə buna görə də idarə rəisi Saleh Qəhrəmanov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən «Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə» Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur.

Hazırda idarənin əməkdaşları 2 növbədə çalışırlar. Gecə növbəsində işləyənlər zibil qutularına yığılmış məişət tullantılarını qapalı maşınlara yığaraq şəhərdən 5 kilometr aralıda yerləşən poliqona daşıyırlar. Gündüz növbəsində çalışanlar isə küçələrdə, park və xiyabanlarda təmizlik işləri aparır və tullantıları texnikalar vasitəsilə daşıyırlar.

İdarə şəhər mərkəzində ərazisi 750 kvadratmetr olan Heydər Əliyev parkında, Sabir parkında, Şəhidlər xiyabanında, Mərkəzi meydanda, Bayraq meydanında və başqa yerlərdə təmizlik işləri aparır, eyni zamanda, həmin ərazidəki yaşıllığa, ağac və gül kollarına yüksək aqrotexniki qulluq göstərir.

Tərtər-Bərdə avtomobil yolunun sağ və sol tərəflərində əkilmiş 60 mindən artıq müxtəlif növ ağac və gül kollarına, Tərtər-Gəncə avtomagistralının kənarlarında 20 min ədəd, Tərtər-Ağdərə avtomobil yolunun sağ və sol tərəflərində əkilmiş 70 mindən çox müxtəlif ağaca yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Bundan başqa, rayon ərazisində salınmış 6 hektar, eləcə də Tərtər-Ağdərə istiqamətində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 3 hektar ərazidə salınmış meşə zolağına qulluq göstərilir.

Bütün şəhər ərazisində 500 min ədəd təkgöz adlanan bəzəkli kollar əkilmiş və xüsusi qulluq göstərilir. Ağac və kolların suvarılması idarəyə məxsus sututumu 16 ton olan avtomobil vasitəsilə gecə saatlarında aparılır.

Bir sözlə, qəhrəman Tərtər şəhərində aparılan quruculuq işləri, eləcə də Kommunal Təsərrüfat İdarəsinin xidməti sayəsində aparılan təmizlik işləri şəhəri daha da gözəlləşdirir, eyni zamanda görülən işlər ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Vəli VƏLİYEV,

«Respublika».