İQTİSADİYYAT

"Torpağa düşməsin havayı bir dən"

Qusar Şimal bölgəsində ən çox taxıl istehsal edən kənd təsərrüfatı rayonlarındandır. Burada hər il on min hektarlarla ərazidə yüksəkkeyfiyyətli taxıl bitkiləri əkilir. Qusarlı əkinçilər bu il də yaxşı işləmiş, sahələrdə kifayət qədər taxıl yetişdirmişlər. Hazırda sahələrdə biçin dövrünün qızğın çağıdır. Rayonda biçin kampaniyasının mütəşəkkil keçirilməsi üçün vaxtında hazırlıq işləri görülmüş, maşın və texnikalar saz vəziyyətə gətirilmişdir.

Bu barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov ətraflı məlumat verərək bildirir ki, ötən payızda rayonumuzda 23 min 830 hektarda taxıl əkilib. Taxıl sahələrində xəstəlik və ziyanvericilərə, alaq otlarına qarşı kimyəvi və aqrotexniki tədbirlər düzgün və vaxtında aparılmışdır. Bitkilərin inkişaf fazasından asılı olaraq əlavə yemləmə gübrələrindən istifadə olunmuş, məhsul istehsalçılarına aqrar məsləhətlər verilmiş, maarifləndimə tədbirləri aparılmışdır. Rayon ərazisində taxıl yığımının itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə Qərargah yaradılmış, bütün zəruri, təşkilati və texniki tədbirlər vaxtında görülmüşdür. Texnikaya baxış keçirilmiş, mexanizatorlara yanğın təhlükəsizliyi qaydaları bir daha izah olunmuşdur. Qərargahın üzvləri demək olar ki, hər gün sahələrdə olur, biçinçilərə lazım olan köməyi yerində göstərirlər. Ortaya çıxan hər hansı bir problem dərhal aradan qaldırılır. Hazırda sahələrdə 50-yə yaxın taxılbiçən kombayn işləyir. Ehtiyacı nəzərə alaraq fiziki şəxslərə məxsus kombaynlar da biçinə cəlb olunmuşdur. Məlumat üçün deyim ki, rayonda artıq arpa biçini başa çatmışdır. Hazırda buğda biçini davam etdirilir. İndiyədək 7 min 500 hektarda biçin aparılmışdır. Gündəlik 750-800 hektar sahə biçilir. İlkin nəticələr də yüksəkdir. Orta məhsuldarlıq hər hektardan 30 sentnerə yaxındır. Mövsümün sonunda bu rəqəmin 34-ə çatması gözlənilir. Rayonun Samur, Cibir, İmamqulukənd, Gədə-Zeyxur, Şirvanlı, Düz Tahir inzibati ərazi dairələrində əkin sahələri daha çoxdur. Vurğulamaq istəyirəm ki, mövcud əkin sahələrinin 19.380 hektarını dəmyə torpaqları təşkil edir. Onu da qeyd edim ki, taxıl yetişdirən fermerlərimizin 9 nəfəri özəl toxumçudur. Onlar hər il taxılçılıq təsərrüfatları üçün yüksək reproduksiyalı toxumlar yetişdirirlər. Toxumçularımızın sahələrində bu il də məhsul boldur. Biçin normal davam edir. Bu işdə heç bir çətinlik yoxdur.

Cibir kəndinin dörd bir yanı sapsarı saralmış taxıl sahələridir. Burada əkilən taxıl sahələri 1400 hektara yaxındır. Bu kənddə fermerlərin əksəriyyəti toxum yetişdirməklə məşğuldurlar. Onlardan biri də təcrübəli təsərrüfatçı İlham Vələdovdur. Fermer bu il 300 hektarda biçin aparacaqdır. O deyir ki, sahələrdə əsasən "Qarabağ-22", "Cəlilabad-19" arpa və "Qobustan" buğda sortları yetişdirmişik. Artıq sahələrin yarıdan çoxunu biçmişik. Orta məhsuldarlıq 50 sentner təşkil edir. Biçini aparmaq üçün kifayət qədər texnikamız var. Yeri gəlmişkən deyim ki, yüksək məhsul əldə etməyimizin əsas səbəbi bizə göstərilən daimi dövlət qayğısıdır. Hazırda sahədə gördüyünüz bu kombayn, traktor və aqreqatları dövlətdən lizinq yolu ilə almışıq. İlboyu bütün işlərimizi də bu texnikalar vasitəsilə görürük. Texnikanın gücü ilə biçini də vaxtında və itkisiz başa çatdıracağıq. Fürsətdən istifadə edib biz məhsul istehsalçılarına göstərdiyi daimi qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarlığımızı bildiririk.

Bəli, əkinçi ilboyu çəkdiyi zəhmətin bəhrəsinə sevinir. Taxılı son dənəsinədək yığmağa tələsir. Sünbüldən bir dənin yerə düşməsinə imkan vermir. Burada istər-istəməz sevimli şairimiz Səməd Vurğunun bu misraları yada düşür:

Torpağa düşməsin havayı bir dən,

Çörək bol olarsa, basılmaz Vətən.

Ziyafəddin BAYRAMOV,

"Respublika".