Torpağı vətən, vətəni bütöv edənlər - Adınız iftixarla yad edilir
Sosial həyat

Torpağı vətən, vətəni bütöv edənlər - Adınız iftixarla yad edilir

Ömrünü şərəflə yaşayıb torpaq uğrunda şəhid olan Vətən oğullarının xatirəsi daim iftixarla yad olunur. Belə oğullardan biri də Ravil Mübariz oğlu Hümbətovdur.

2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi iştirakçısı, müddətdən artıq hərbi qulluqçu Ravil Mübariz oğlu Hümbətovun şəhadətə ucalmasının bir ili münasibətlə 2-ci Fəxri xiyabanda şəhidin xatirəsinə anım tədbiri keçirildi. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, şəhidin ailə üzvləri, doğmaları, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzdülər, Ravil haqqında ürək sözlərini söylədilər, şəhidin ruhu böyük ehtiramla yad olundu.

Tofiq HÜSEYN,

"Respublika".