Ümid ünvanı...
Sosial həyat

Ümid ünvanı...

Unudulmaz müəllimim akademik  Zərifə xanım Əliyevanın əziz xatirəsinə…

ANA! Öz tutumuyla bu varlıqla müqayisə olunası iki ruhi-müqəddəs tanıyıram: Çörək, "Qurani-Kərim". Bu sözün - varlığın bütün canlılarda, gücü, anlamı eynidir. Övlad yolunda, dünyaya gətirdiyinin yolunda   həyatından belə keçmək qüdrəti. Mütləq məhəbbətin bir nümunəsi. Gəlin etiraf edək ki, bu qan yaddaşından gələn məhəbbətin də dərəcələri olur, belə deyək ki, daha böyükləri, nəhəngləri olur. Və bu nəhəng hisslər, sevgilər zərif analarımızın qəlbində olur. Analar övladlarını laylalarla, bayatılarla oxşayırlar.  Zərifə xanım haqqında bir Ana kimi danışanda öz müşahidələrimdən başqa, xatirəsi həmişə mənə əziz olan iki gözəl insanın - müəllimlərimin sözləri yada düşür. Professor Zəhra xanım Quliyeva və dosent Ləzifə xanım Əliyeva (Ləzifə xanım Zərifə xanımın böyük bacısı idi). Onlar danışırdılar ki, Zərifə xanım övladlarına fanatik məhəbbətli bir Ana idi. İşdə müxtəlif otaqlardakı telefonlardan dəfələrlə zəng edib evdə qoyub gəldiyi ciyərparalarını soruşardı. Və bu telefon danışıqlarından yalnız birini dinləyən adam heç vaxt onu unutmaz, bir ananın övladlarına olan məhəbbətinin ifadəsini ömrü boyu özüylə gəzdirərdi...

Onun həyat yoldaşı - o zamanlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğluna olan münasibətində bir anın şahidi olmuşdum: Ləzifə xanımgildə balaca nəvəsi Eminin ad günündə televiziya ilə verilən dünənki iclasda Heydər Əlirza oğlunun geniş çıxışından söhbət düşəndə Zərifə xanımın gözlərini, üzünün ifadəsini heç zaman unutmaram. Bircə onu dedi ki, mən nəfəsimi dərmədən bütün çıxışı dinlədim, heyran olmuşdum.

Zərifə xanım yeri gələndə çox incə yumorla danışardı. Gülarə xanım da doğmaları, çox yaxınları ilə şux zarafatlar edərdi. O məclisdə Ləzifə xanım azca soyuqlamışdı, Gülarə xanım bunu görcək gülə-gülə dedi ki, Ləzi bacı (o, Ləzifə xanımı mehribancasına belə çağırardı) eybi yoxdu keçib gedəcək. Zərifə xanımın zərif, olduqca yerində olan yumorundan Zəhra xanım, Ləzifə xanım, kafedramızın onunla həmyaş olan dosentləri Səkinə xanım, Rəfiqə xanım saatlarla gözəl xatirələr danışardılar. İncə, zərif, yerinə düşən yumor, yüksək zövq sahiblərinə, geniş dünyagörüşünə malik əslzadələrə məxsus əlamətdir və çox təəssüf ki, bu dünyada bütün yaranmışlara nəsib olan xoşbəxtlik deyil. Bu səadət Zərifə xanımın saysız bəzəklərindən, tale vergilərindən biri idi. 

Allah-təala onu valideynlərindən də yarıtmışdı. Zərifə xanım xeyirxah insan, tanınmış alim, siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi. Anası Leyli xanım ağlı, zəkası ilə dünyanı idarə edəcək bir güc, nur idi. Leyli xanımın da söhbətləri heç vaxt unudulmayacaq gözəllikdə idi. O söhbətlərdən bir epizodu, bir yarpağı xatırladım. Leyli xanım danışırdı ki, həyat yoldaşı Əziz müəllim uzun müddət vətəndən uzaqda işləyirmiş. O vaxt uşaqların böyüyü Ləzifənin əlindən tutub Mircəfərin (Mircəfər Bağırov) qəbuluna getdim, xahiş elədim ki, Əzizi (Əziz Əliyev) Azərbaycana qaytarsın, nə iş verir, versin, lap adi iş olsun. O da qayıtdı ki: Leyli xanım, Əziz Azərbaycana gəlsə o, heç bir işdə işləyə bilməz, ona layiq olan yer, ancaq mənim yerimdir, onu da mən tutmuşam. Bunu deyib bir xeyli susdu. Mən də gözləmədiyim cavabdan sonra heç bilmədim nə deyəm, sağollaşıb gəldim evimizə.

Zərifə xanımın böyük qardaşı professor Tamerlan Əziz oğlu Əliyev Tibb Universitetində terapiya kafedrasının müdiri idi. Ürəyimdə bir kitablıq söz, məhəbbət var onun ünvanına. Ancaq bircə onu deyim ki, bu yaşıma qədər doğmalarım, dostlarım, müəllimlərim qarışıq lap yaxından tanıdığım müqəddəslərimin bir siyahısı var ürəyimdə. Mən Allahımı heç vaxt unutmaram, ancaq o adamların Tanrı dərgahındakı hörmətlərinə güvənib dara düşəndə yalnız ürəyimdə pıçıltıyla Allahdan sonra köməyimə çağırıram. O kiçik siyahıda Hüseyn babam var. Var olanlardan biri də Tamerlan müəllimdir. Böyük ləyaqət sahibi, nur daşıyıcısı, professor Tamerlan Əziz oğlu Əliyev! Mənim üçün həmişə yaşayan müqəddəs İnsan!

Bu böyük ailənin, nəsil-şəcərənin Zərifə xanımla bağlı hər bir üzvü Dilbər xanım, akademik Cəmil Əliyev haqqında saatlarla danışmaq imkanım var.

Bir ailənin iki üzvü - olduqca böyük şəxsiyyətlərdən dünyaya gələn övladların genetik varisliyi valideynlərin və övladların böyük xoşbəxtliyidir.

Sevil xanımın qeyri-adi çoxşaxəli istedadı, savadı, təvazökarlığı, mədəniyyətinin bu səviyyədə olmasında atasının və Zərifə xanımın müstəsna rolu olmuşdur. Uzun illər bundan əvvəl Zərifə xanımla anamın arasında olan bir söhbəti unuda bilmirəm. O söhbət Ləzifə xanımgilin evində Ləzifə xanım, qızı Svetlana xanım, Gülarə xanımın yanında olmuşdu. Zərifə xanım deyirdi ki, Sevil bir tikə çörəyi qalanda belə atmır, tullamır, büküb qoyur ki, sonra yeyərəm. Atası ölkənin birinci yox, lap yüzüncü adamı olan qız, ya oğlan uşağından bu cür nümunə, hətta deyərdim ki, müqəddəs davranış nadir hadisə idi, lap elə indinin özündə də heyrət və qibtə doğurardı...

Zərifə xanım alim idi. Adı böyük hərflərlə yazılan ALİM. Zamanı qabaqlayan. Onun bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəkli olur, qiyməti daha da artır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovetlər birliyində yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Əslində, akademik Zərifə xanım Əliyeva dünyada bu elmi istiqamətin pioneridir. Heç də təsadüfi deyil ki, o SSRİ Tibb Elmləri Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü. Akademik Zərifə xanım Əliyevanın məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostikaya həsr olunan ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən olması idi.

Zərifə xanım bu günü uzun illər əvvəl görmüş, tibbi deontologiyaya aid qiymətli elmi-fəlsəfi əsərlər yazmış mərkəzi mətbuatda çap elətdirmişdi.

O, Moskvada nəşr olunan o zamankı Sovetlər birliyinin ən nüfuzlu oftalmoloji elmi dərgisi "Vestnik oftalmologii" jurnalının redaksiya heyətinin üzvü idi. Jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Həmin illərdə mən bu elm ocağında aspiranturada, sonra isə doktoranturada təhsil alırdım. Zərifə xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə görüşərdik. Bu qısa görüşlərdə o, həmişə çox səmimi olar, qayğılarımla maraqlanardı.

Bir dəfə mənə dedi ki, Heydər Əliyev də sənin fəaliyyətini izləyir, uğurların haqqında bizim evimizdə söhbətlər olur. Mən bir az utanaraq ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əlirza oğlu məni Moskvadan Bakıya zəng edib  şəxsən təbrik elədi.

Heydər Əlirza oğlu sonralar mənfur Qorbaçovun həsədinə tuş gəlib Bakıya dönüşündə Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Xəlil Rzayla birgə idilər. Görüşdük. Fasilədə zəngə görə bir daha təşəkkür etdim. Və bir də dedim ki, Siz Moskvadan məni təbrik etdiniz, ancaq burada Kamran Bağırov heç elə bil ki, yoxuymuş. Gülümsündü: "Fikir vermə, hamı bir olmaz ki", - dedi.

Akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyəti haqqında yazılanlardan fərqli qısaca öz müşahidələrimi qələmə aldım. O, bir övlad kimi, bir evin, bir kişinin xanımı kimi, bir ana kimi, alim, müəllim, vətəndaş kimi, həmişə ucalardan ucadır. Elmi konfranslardan sonrakı toplantılarda, ya bayramlarda, ad günlərində əksər hallarda unudulmaz Gülarə xanım da iştirak edərdi, həmişə birinci mahnı sifarişi "Anamın anasısan Azərbaycan" olardı. "Ana" və "Azərbaycan" sözlərini heç kim onun kimi tələffüz elə bilməzdi.

44 günlük müharibənin qələbə ilə şərəflənən günlərində Zərifə xanımın da ruhu şad oldu!

Zərifə Əliyevanın bioqrafları unudurlar ki, Dağıstanın Mərkəzi Komitəsinin Birinci katibi indiki meyarlarla prezident demək idi. Bu mənada akademik Zərifə xanım Əliyeva prezident qızı, xanımı, prezident Anasıdır. Bu, onun taleyi idi. Böyük, olduqca böyük həssaslıqla duymaq, görmək, heyran olmaq, zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadı idi.    

Böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, Vətəni sevənlər əbədi yaşayanlardır...

Paşa QƏLBİNUR,

ATU-nun oftalmologiya kafedrasının müdiri,

professor.