Ümidsizliyi qurtuluşa, çarəsizliyi xilasa çevirən Lider
Tarix

Ümidsizliyi qurtuluşa, çarəsizliyi xilasa çevirən Lider

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynadığı, xalqımızın həyatında silinməz izlər qoyduğu hər kəsə məlumdur. Ulu öndərin xalqımız və dövlətimiz qarşısında əvəzedilməz xidmətlərini anlamaq üçün 1993-cü ilin 15 iyun tarixinə və bu tarixdən sonrakı dönəmə qısa nəzər salmaq kifayətdir.

Həmin dövrdə respublikamızda vəziyyət olduqca acınacaqlı idi. Erməni işğalının davam etməsi və ərazi itkilərinin genişlənməsi dövlətin milli təhlükəsizliyi üçün başlıca təhdid olmaqla həlli müşkül olan bir sıra problemlər doğururdu. Bu problemlərə qaçqın və məcburi köçkün sayının hər ötən gün artması, iqtisadi və maliyyə böhranının dərinləşməsi, antimilli qüvvələrin fəallaşması və s. daxil idi. Ölkə ərazisində qeyri-sabit vəziyyət, hərbi-siyasi qütbləşmə gərginliyi son həddə çatdırmış, hərc-mərclilik, özbaşınalıq yenicə əldə olunmuş müstəqilliyin itirilməsinə böyük təhlükə yaratmışdı. Azərbaycanın bu ağır günlərində dahi Heydər Əliyevin liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratdı.

1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması nəticəsində ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. İyun ayının 15-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadiminin respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Məhz ulu öndər Heydər Əliyev xalqı və dövləti labüd fəlakətdən xilas etdi. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi.

1993-cü ilin 15 iyun tarixindən etibarən Heydər Əliyev ölkə daxilindəki təxribatçı qüvvələrə, qanunsuz silahlı dəstələrə qarşı fəal mübarizəyə başladı. Çox keçmədi ki, ulu öndərin qətiyyəti və səriştəsi sayəsində bütün qanunsuz silahlı dəstələr ləğv edildi, nizami ordu formalaşdı. Ölkədə gərginlik mühiti yaratmağa çalışan qüvvələr məsuliyyətə cəlb olundu, dağıdıcılıq siyasəti ilə məşğul olanlara qarşı sərt tədbirlər həyata keçirildi. Xalqla hakimiyyət arasında qarşılıqlı etimad təmin edildi.

1994-cü il mayın 20-də Heydər Əliyev Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu saziş əsasında erməni işğalı dayandırıldıqdan sonra respublikanın təbii resurslarından düzgün və səmərəli istifadə etməklə yeni maliyyə mənbələri əldə edildi. Belə ki, 1994-cü il sentyabr ayının 20-də Azərbaycanla böyük dövlətlərin neft şirkətləri arasında "Əsrin müqaviləsi" adlı kontrakt imzalandı ki, bu da Qərb investisiyasının ölkəmizə axınını təmin etdi. "Əsrin müqaviləsi" ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, həm də müstəqilliyimizin möhkəmlənməsində, xarici təzyiqlərin qarşısının alınmasında mühüm rol oynadı. Beləliklə, dahi şəxsiyyət 1993-cü ilin ortalarında ölkədə mövcud olan kütləvi ümidsizliyi, mənəvi-psixoloji sarsıntını uğura, qələbəyə, müvəffəqiyyətə çevirməyi bacardı. Heydər Əliyev mümkünsüzü mümkün etməklə sübut etdi ki, o, doğrudan da böyük və əvəzsiz lider, xalqın və dövlətin həqiqi xilaskarıdır.

Heydər Əliyevin hakimiyyətə gəlişi müstəqil Azərbaycanın gənclər siyasətində də mühüm dəyişikliyə yol açdı. Gənclərə, onların mübarizə eşqinə, enerji və bacarığına güvənən, ölkəmizin gələcəyini gənclərin bilik və səriştəsinin artırılmasında görən Heydər Əliyevin gənclərə olan etibarı ulu öndərin kadr siyasətində də özünü açıq-aşkar göstərirdi. Dahi lider Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə inanır, eyni zamanda, gənclərdə dövlətçilik şüurunun inkişafını dövlətin tərəqqisi üçün başlıca amil hesab edirdi. Buna görə də ümummilli lider deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Ümummilli liderimiz öz siyasətində daim gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən sağlamdüşüncəli gənc nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüş, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə böyük önəm vermişdir. Məhz Ümummilli liderin 26 yanvar 1996-cı il tarixli Sərəncamı ilə fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alınmışdır. 1997-ci ildə ulu öndərin Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunmuşdur.

Azərbaycan gəncliyinə və təhsilə verdiyi dəyərin əyani sübutudur ki, o, 29 noyabr 2002-ci ildə Ağdaş rayonu 3 nömrəli orta məktəbin 120 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlamış və həmin məktubda müstəqil Azərbaycan üçün yüksək hazırlıqlı və bilikli vətənpərvər gənclərin önəmini bir daha vurğulamışdır.

Həmçinin ulu öndər tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqram"a əsasən Ağdaş rayonunda çoxsaylı məktəblər tikilmiş və əsaslı təmir olunmuşdur. Bütün bunlar ümummilli liderin Azərbaycanın gələcəyinə nə qədər böyük diqqət yetirməsinin təzahürüdür.

Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. Ulu öndər Heydər Əliyev çıxışlarından birində bildirmişdir: "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir...". Bu fikirlərlə yürüdülən siyasətin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə əksəriyyəti gənc nəsildən ibarət Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı geri qaytarmışdır.

Heydər Əliyevin respublikaya rəhbərliyinin ikinci mərhələsində bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da dərin və əhatəli islahatlar aparılmış, prokurorluq orqanlarının fəaliyyətinin modernləşməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması, çevikliyinin artırılması təmin olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə bütün dövlət qurumlarında, güc strukturlarında olduğu kimi, prokurorluq orqanlarında da neqativ halların aradan qaldırılması, şəffaf fəaliyyətin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərin prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda bildirdiyi: "Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik" sözləri onun bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Belə ki, 1995-ci ilin noyabrında keçirilən referendum əsasında qəbul edilən Konstitusiyada 133-cü maddə prokurorluq orqanlarının fəaliyyətinə həsr edilməklə sonrakı dönəmdə "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunların, Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktların qəbul edilməsi ilə prokurorluq orqanlarının fəaliyyəti daha da təkmilləşdirilmiş, hüquqi bazası dünya standartları səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev gənc kadrların bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da fəaliyyətini dəstəkləyir, istedadlı, bilikli, vətənpərvər gənclərin bu sistemdə çalışması üçün təkmil mexanizmlər yaradırdı. Məhz bunun nəticəsidir ki, onun 19 iyun 2001-ci il tarixli Fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilmiş və bununla da prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqələrlə prokurorluğun kadr korpusunun savadı, dünyagörüşü, o cümlədən yüksək mənəvi keyfiyyətləri ilə seçilən, habelə dövlətçilik ideyalarına sadiq gənclərin hesabına formalaşdırılmasına başlanılmışdır. 2002-ci ildən etibarən tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında keçirilən müsabiqələr nəticəsində prokurorluq orqanlarına işə qəbulla əlaqədar müraciət etmiş 1000-dən çox namizəd sözügedən orqanlarda qulluğa qəbul edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla inkişaf etdirilən gənclər siyasətinin nəticəsidir ki, Əsasnamə təsdiq edilənə qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən gənc işçilərin sayı prokurorluq əməkdaşlarının ümumi sayının 3 faizinə bərabər olduğu halda, sonrakı dövrdə müsabiqə yolu ilə işə qəbul edilmiş prokurorluq işçilərinin sayı hazırda 88,3 faiz təşkil edir.

Bu gün ölkəmizdə ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçımız həyata keçirdiyi davamlı islahatlar, qəbul etdiyi fundamental qərarlarla Azərbaycanı böyük siyasi və iqtisadi uğurlara qovuşdurmaqla ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirir. Heydər Əliyev tərəfindən əsası qoyulan prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili siyasətin əsas istiqamətlərindən biri olmaqla bütün prokurorluq işçilərinə stimul verir və öz işinə daha məsuliyyətlə yanaşmağa sövq edir. Və biz, prokurorluq işçiləri də həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin etimadına səmərəli və vicdanlı fəaliyyətimizlə cavab verməyi, dövlətçiliyimizin, qanunun və ədalətin qorunması üçün heç bir fədakarlıqdan çəkinməməyi qarşımıza məqsəd qoymuşuq.

Bəli, ulu öndər Heydər Əliyevin amalı güclü, yenilməz, gələcəyə doğru əmin addımlarla irəliləyən Azərbaycan görmək idi və hər kəsi məhz belə bir dövlət uğrunda səylə çalışmağa səsləyirdi. Bu gün biz Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin arzusunda olduğu müstəqil, regionda söz sahibi olan, dünya birliyində qərarlarına hörmətlə yanaşılan müasir, demokratik Azərbaycanda yaşayırıq. Özünü azərbaycanlı sayan hər kəsin ən ümdə vəzifəsi birliyimizi, bərabərliyimizi qorumaq, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanmaq, Heydər Əliyev ideyalarından bəhrələnərək yeni, daha böyük uğurlara nail olmaqdır. Biz əminik ki, buna mütləq müvəffəq olacağıq.

Anar ƏLİYEV,

Ağdaş rayon prokuroru, ədliyyə müşaviri.