ÜST: Koronavirus hələ də təhlükə yaratmağa davam edir
Səhiyyə

ÜST: Koronavirus hələ də təhlükə yaratmağa davam edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ vaksinasiyadan keçməyən şəxslərin hamısına COVİD-19 peyvəndini vurdurmağı tövsiyə edir.

"Respublika" TASS-a istinadla xəbər verir ki, bu barədə ÜST-ün Epidemiya və Pandemiyanın Profilaktikası və Qarşısının alınmasına Hazırlıq Departamentinin Direktoru vəzifəsini icra edən Mariya van Kerxove bildirib.

Mariya van Kerxove, “X” (keçmiş Twitter) sosial şəbəkəsində yayımlanan ənənəvi sual-cavab sessiyası zamanı SARS-CoV-2 virusunun indi hər ölkədə dolaşdığını və hələ də təhlükəli olduğunu xatırladıb. Onun sözlərinə görə, bu təhlükə 2020-ci ildə pandemiyanın başlanğıc mərhələsində olduğundan daha fərqlidir.

“Çünki hal-hazırda əhalinin immunitet səviyyəsi daha yüksəkdir, bu da ağır xəstəlikdən və ölümdən qorunmağa kömək edir” – deyə o bildirib.

“Lakin biz ayıq-sayıqlığımızı qoruyub saxlamalıyıq, çünki virus ölkələri dolaşmağa davam edir, təkamül prosesindən keçir və dəyişilir” – deyə, Kerxove əlavə edib və qorunma tədbirləri kimi insanların çox olduğu yerlərdə maska taxılmasının, otaqların ventilyasiya sisteminin yaxşılaşdırılmasının və fiziki məsafənin saxlanmasının vacibliyini vurğulayıb. O, hələ vaksinasiyadan keçməyən şəxslərə isə mütləq peyvənd olunmağı tövsiyə edib.

Kerxove qeyd edib ki, dünyada 2020-ci ilin sonundan etibarən 13,5 milyon COVİD-19 peyvəndi vurulub. “İndiki peyvəndlərin çox güclü təhlükəsizlik “qalxanı” mövcuddur, onlar ağır xəstəlikdən və ölümdən qorunmağa kömək edir. Hər kəsi həm koronavirus, həm də qrip əleyhinə peyvənd olunmağa çağırıram” – deyə ÜST nümayəndəsi bildirib. Yeni il və bayramla bağlı tədbirlərdə və ziyafətlərdə isə, Kerxove maska taxmağı tövsiyə edib.