Zəfər yolunun şanlı səhifəsi
Tarix

Zəfər yolunun şanlı səhifəsi

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 3 il ötür

Talış kəndi və Suqovuşan ərazisində düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Hərbi ekspertlərin qənaətinə görə, Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi nəticəsində Suqovuşan Su Anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci il oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun imzalayıb. Sənədə əsasən Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub. İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuş və xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövlətinin ittiham edilməsi Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsir, qışda isə buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmiş su anbarı Tərtər, Bərdə, Goranboy, Ağdam və digər rayonları su ilə təmin edirdi. Sovet dövründə su anbarının yanında iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Bu gün işğaldan azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır. "Suqovuşan-1" və "Suqovuşan-2" Su Elektrik Stansiyaları artıq işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. 2021-ci il oktyabrın 3-də dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.

Sonda onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsinin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc və ruh yüksəkliyi verdi. Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər Böyük Zəfərimizi sürətləndirdi.

Mustafa KAMAL,

"Respublika".