Qərbi Azərbaycanda erməni amansızlığının acı nəticələri
Tarix

Qərbi Azərbaycanda erməni amansızlığının acı nəticələri

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən çox tarixi var. Bu siyasətin məqsədi azərbaycanlıları öz doğma ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "böyük Ermənistan" dövləti yaratmaqdır. Öz mənfur və təhlükəli siyasətlərini həyata keçirmək üçün onlar ağlasığmayan vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə edib, dövlət səviyyəsində separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləyiblər. Qərbi Azərbaycanda haylar milli-mədəni, dini, siyasi və hətta terrorçu təşkilatlar yaratmaq üçün erməni diasporunun və lobbisinin imkanlarını səfərbər ediblər.

Son iki əsrdə Qərbi azərbaycanlıların başına gətirilən faciələrdə, ağır sınaqlarda, qanlı hadisələrdə ya birbaşa, ya da dolayısı yolla erməni vandallarının izi var. Mənfur millətin siyasətçiləri tərəfindən düşünülmüş, planlaşdırılmış şəkildə istiqamətləndirilən daşnaklar Qədim Oğuz ellərindəki torpaqlarımızı ələ keçirmək üçün yaranmış tarixi şərait və imkandan bacarıqla yararlanmağa çalışmışlar. Və həmişə də gizli məqsədlərinə nail olmuşlar.

1918-ci il Mart qırğını zamanı erməni daşnakları Qərbi Azərbaycanın əksər bölgələrində Novruz bayramı günlərində analoqu olmayan cinayətlər törətmiş, insanları amansızlıqla qətlə yetirmişlər. İrəvan quberniyasının İrəvan qəzasında 3015 təsərrüfatı olan 32 azərbaycanlı kəndi dağıdılmış və əhali yaşayış yerlərini tərk etməli olmuşdur.

1918-ci ilin martında bədnam Andranik öz başkəsən quldur dəstəsi ilə Naxçıvanı tutdu və oradan Zəngəzura yürüş etdi. Şaumyandan xeyir-dua alan Andranik Zəngəzurda öz cəllad hərəkətlərini genişləndirdi. Onun ilk qurbanları dinc insanlar oldu. Qeyd edək ki, o zaman Dərələyəz, Sürməli və İrəvan qəzalarının əhəmiyyətli hissəsini başlıca olaraq azərbaycanlılar təşkil edirdilər. Andranikin quldur dəstələri müsəlman uşaqlarını tonqallarda yandırır, hamilə qadınları amansızlıqla qətlə yetirirdilər. Zəngəzur qəzasında azərbaycanlı kəndlərinin bir-birindən aralı yerləşməsi, digər tərəfdən, Andranikin başçılıq etdiyi çoxsaylı hərbi qüvvələrin olması soydaşlarımızın vəziyyətini çox ağırlaşdırırdı. Azğınlaşmış Andranik azərbaycanlılardan qəza ərazisindən çıxmağı qətiyyətlə tələb edirdi. Azərbaycanlıların isə arxa-dayağı yox idi. Erməni quldurları həmvətənlərimizə qarşı hədsiz amansızlıq göstərirdilər. Hətta azərbaycanlılar könüllü olaraq öz yaşayış yerlərini tərk etdikləri hallarda belə ermənilər kəndləri yandırır, Novruz bayramı keçirən müsəlmanlara ağır işgəncələr verir, mal-qaranı, əmlakı aparırdılar. Həmin vaxt Zəngəzur qəzasında 105 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və məhv edilmişdir.

Vaqudu kəndində 400 kəndli məsciddə gizləndiyi zaman ermənilər məscidə od vurub yandırmışlar. Bayram günlərində Nüvədi kəndində ermənilər yüz yaşlı qocanı süngüləmiş, qaçmaq istəyən qadın və uşaqların başını kəsmişlər.

Ermənilər Zəngəzur mahalının Bağırbəyli kəndində 7 nəfərin olduğu evə od vurmuşlar. Vartanazur kəndində çoxlu qadın və uşaq xəncərlə doğranmışdı. Pəhman Əfəndi kəndində qocanın gözlərini çıxarmış, sonra onu öldürmüş və meyitləri yandırılmışdır.

İrəvan quberniyası Kəmərli kəndinin sakinləri yazırdılar ki, rus qoşunları getdikdən sonra ermənilər Aram paşa, Dro, Silikov, Deligiz və general Araşevin başçılığı ilə qoşun toplayaraq Sürməli, İrəvan, Eçmiədzin və digər qəzalarda 350-dən çox müsəlman kəndlərini yandırmışlar.

Göyçə mahalının Qaraiman kənd sakinlərindən Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu Gəncəyə gəlib qubernatora danışmışdılar ki, Filimov və Nişanovun başçılıq etdiyi erməni quldur dəstəsi Qızılvəng, Subatan və Zağalı kəndlərini mühasirəyə almış, kişiləri pristavın yanına çağırmaq bəhanəsi ilə tövləyə salmış, kəndləri qarət etmişlər. Bundan 4 gün əvvəl ermənilər Çamırlı kəndində 4 kişi və 6 qadını vəhşicəsinə öldürmüşlər.

A.Lalayanın yazdığına görə, daşnak başkəsənlərindən biri öz "şücaətləri"ni belə təsvir edirdi: "Mən heç bir şeyə fərq qoymadan Basarkeçərdə türk əhalisini məhv etdim. Hərdən gülləyə heyifim gəlirdi. Bu itləri öldürməyin ən doğru yolu döyüşdən sonra bütün sağ qalanları toplayıb onları quyulara doldurmaq, bu dünyada qalmamaları üçün üstlərinə ağır daşlar tökmək lazımdır. Mən belə də etdim: bütün kişi, qadın və uşaqları quyuya doldurub üstünü daşla örtdüm".

1918-ci ilin martında erməni quldur dəstələri Şərur-Dərələyəz qəzasında xüsusilə tüğyan edirdilər. Onlar Qərbi Azərbaycanın Vedibasar, Aralıq, Vedi, Dəmirçi kəndlərində kütləvi qırğınlar törətmişdilər. Ancaq burada polkovnik Doluxanovun dəstəsi yerli sakinlərin müqavimətinə rast gəldi. Andranikin əlaltılarından biri olan general Dronun başçılığı ilə Doluxanova yardım göstərildi. Ancaq Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə Azərbaycan özünümüdafiə dəstələri ermənilərə qalib gəldi. Ermənilər döyüş meydanında mindən artıq meyit qoyaraq qaçdılar. Açıq döyüşlərdə məğlub olan ermənilər general Dronun təbiri ilə desək, "arxa cəbhəni təmizləmək üçün" Şidlı, Xalsa, Ovşar, Çamarkan, Qaralar, Kiçik Vedi, Şıxlıx kəndlərini yer üzündən sildilər.

Ümumiyyətlə, erməni daşnakları 1918-ci ilin martında Qərbi Azərbaycanın Dərələyəz, Basarkeçər, Çəmbərək, Zəngibasar, Dilican, Hamamlı və digər bölgələrində azərbaycanlılara qarşı qanlı cinayətlər törətdilər.

31 Mart soyqırımını unutmağa, o dəhşətli günlərdə ermənilərin Qərbi Azərbaycanda sakinləri ilə birgə od vurub yandırdıqları evlərimizin alovunu yaddaşımızdan silməyə heç bir haqqımız yoxdur. Tarix erməni faşizmini mühakimə edir.

Bu soyqırımına əsl hüquqi-siyasi qiymət Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra verildi. Mart hadisələrinin 80-ci ildönümündə, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il Mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

Vurğulamaq lazımdır ki, qanlı hadisələr nəticəsində təkcə XX əsrdə yüz minlərlə soydaşımız bu və ya digər şəkildə şovinist ermənilərin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırımı siyasətinin qurbanı olmuşdur.

Qədir ASLAN,

"Respublika".