Vətən sevgisi Orxan Elxan oğlu Dadaşlının qəlbinə uşaq yaşlarında hakim kəsilmışdi. Onun daşına, ayaq tutub yeridiyi torpağına o qədər bağlanmışdı ki, belə bir yurdun vətəndaşı olmağı özünə fəxr bilirdi. Onun bir qarışının da yada yurd olmağına qıymırdı. Odur ki, boya-başa çatdığı Lənkəran rayonu, Darquba kənd məktəbini 2013-cü ildə bitirib Vətən torpaqlarını tezliklə mənfur düşmənin tapdağından azad etmək istəyi ilə ordu sıralarına gedir.
Özü arzuladığı kimi, əyninə əsgər paltarını cəbhə bölgəsində geyinir. Vətənə qeyrətli oğullar gərək olduğu bir zamanda bununla qürur duyur və doğma Azərbaycana vicdanla, namusla xidmət edir. Komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirir, əsgərlər arasında sayılıb-seçilir. Orxan bir il altı ay əsgərlik həyatında yalnız Vətənə olan sevgisi, cəsurluğu, çevikliyi, mərdliyi ilə yadda qalır. Ən əsası isə atıcı-snayper əsgər əzəli yurd yerimiz Qarabağı zəbt edən erməni dığalardan qisas alacağı məqama hazırlaşır.
Əsgərliyi üzüağ başa vuran Orxan bir müddət doğma Darquba kəndində el-obanın səadəti naminə qurub-yaratmaqdan doymur. İkinci Qarabağ müharibəsi başlanan kimi yurdunun yarasına məlhəm olmaqdan ötrü könüllü silaha sarılır, Füzulidə döyüş meydanına girir. İlk gündən rəşadət nümunəsi göstərən Orxan düşmənin böyük sayda canlı qüvvəsini məhv edir. Daha sonra Cəbrayılda, Qubadlıda, Zəngilanda döyüşür. Hər üç rayonun azad olunmuş torpaqlarında qələbə bayrağımızı ucaldan qeyrətli oğullardan biri də qəhrəman Orxan olur.
Orxan müharibə meydanında dığaların anasını ağlada-ağlada Şuşaya qədər gedir. Hər qarış torpağın, neçə-neçə şəhidin qisasını alır. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə ucalan qəhrəman Zəfər günümüzü görə bilir. Bu, onun arzuladığı gün idi. Və buna görə də ölümü gülə-gülə qarşılayıb son nəfəsində deyir: "Vətən - yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur. Mən də arzuma çatdım. Təki Vətən yaşasın...".
Orxanın bu şəhidliyi bütün Azərbaycana başucalığı gətirir. Dövlət də öz qəhrəman oğlunu "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Qubadlının azad olunmasına görə medallarına layiq görür.
Zəfər ORUCOĞLU.